Şagirdlərimiz Respublika fənn olimpiadalarının ilk mərhələsində uğurla iştirak ediblər

12 Fevral 2018

  Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

  Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Bakı şəhərində 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000-dən çox, Naxçıvan MR-dən isə 700-yə yaxın şagird qatılıb.

  Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. 

  Sevindirici haldır ki, liseyimizin şagirdləri bu mərhələdə uğurla iştirak edib və onlardan 86 nəfəri növbəti mərhələyə keçib. Şagirdlərimizi təbrik edir və onlara növbəti mərhələdə də uğurlar diləyirik.