Dəyərli həmkarlar, qonaqlar, valideynlər və sevimli şagirdlərimiz!

Sizləri Akademik Zərifə adına liseyin müəllim-şagird kollektivi adından rəsmi səhifəmizdə salamlayır və Bizi seçdiyiniz, ən əsası Bizə güvəndiyiniz üçün Sizlərə sonsuz təşəkkürümüzü bildiririk.

Akademik Zərifə Əliyeva adına lisey Azərbaycanın ən məşhur, eyni zamanda təhsil ictimaiyyətinin daim diqqət mərkəzində olan nüfuzlu təhsil ocağıdır. Lisey 28 aprel 2008-ci ildə saysız-hesabsız insanların gözlərinə nur bəxş etmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 85 illik yubileyi ərəfəsində açılıb. Biz də Akademik Zərifə Əliyeva adına lisey kollektivi olaraq məsuliyyətimizin fərqindəyik və əsas vəzifəmizin Azərbaycanın işıqlı gələcəyi olan gənclərin düzgün tərbiyəsindən ibarət olduğunu bilir, bizlərə əmanət etdiyiniz övladlarınızın hər birini ayrı bir dəyər olaraq görür, onları yeni Azərbaycana layiq bir gənclik olaraq yetişdirməyi ən əsas vəzifəmiz hesab edirik.

Akademik Zərifə Əliyeva adına lisey böyük və etibarlı bir evdir. Bu evi biz hamımız: müəllimlər, əməkdaşlar, şagirdlər,məzunlar, valideynlər əmək sərf edərək yaratmışıq. Bu ev bizim xeyirxah əməllərimizdən, keyfiyyət göstəricilərimizdən, istedad və gərgin əməyimizdən yaranıb. Burada ağıl, mehribanlıq, cəsarət, ən əsası milli-mənəvi ənənələrə sədaqət hökmranlıq edir və Azərbaycan gəncliyinin bir qismi bu liseydə yetişir. Biz lisey ailəsi adından deyirik ki, istər liseydə oxuduqları müddət ərzində, istərsə də universitet həyatında arzularımızı reallaşdıran və liseyimizin ənənələrinin layiqli davamçısına çevrilən gəncliyin yanında olacağıq və onların uğurları ilə daima fəxr edəcəyik.

Liseyimizin əsas missiyası Azərbaycanda müasir gənc nəslin inkişafı naminə effektiv təhsil sistemlərinin təcrübəsinə əsaslanaraq dünyaya açıq, milli-mənəvi dəyərlərə sadiq, sosial fəal, yaradıcı, bilikli və bacarıqlı, rəqabət qabiliyyətli fərdin formalaşdırıldığı mühitin yaradılmasıdır.

Biz Akademik Zərifə Əliyeva adına lisey olaraq elm və texnologiyanın fərqində olan, dəyişməyə və inkişafa açıq olan, öyrənməyi sevən , milli-mənəvi dəyərləri yaşayan və yaşadan, ətrafını daima diqqət mərkəzində saxlayan və müsbət iqlim formalaşdıran, özünə güvənənən, ən əsası özünü mühakimə etməyi bacaran, müasir, demokratik dünyada sosiallaşa bilən dünya insanı yetişdirmək, eyni zamanda dünyanın ən yaxşı təhsil və elm mərkəzlərindən biri olmaq iddiasındayıq. Bu yolda bizə dəstək olan, daim öz üzərində işləyən, Azərbaycan təhsilinin uğurlu inkişafı naminə dünya təhsil sistemindəki effektiv üsulları milli təhsilimizə tətbiq edən və bu şərəfli yolda fədakarcasına çalışan kollektivimizə təşəkkür etməyi özümüzə borc bilirik.

Əziz valideynlər, Akademik Zərifə Əliyeva adına lisey övladınıza gözəl və işıqlı bir gələcək naminə bizi seçdiyiniz və bizə güvəndiyiniz üçün Sizlərə də sonsuz təşəkkür edir.