Şagirdlər arasında hərbi bilik yarışı keçirilib

20 Aprel 2022

Akademik Zərifə Əliyeva adına liseydə hərbi bilik yarışı keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının, paytaxtın bir qrup ümumtəhsil məktəbi hərbi rəhbərlərinin, qazilərin qatıldığı şagirdlərin hərbi bilik yarışının iştirakçıları əvvəlcə Dövlət Himnini ifa ediblər. 

Sonra şəhidlərimizin əziz xatirəsi sükutla yad olunub.

Liseyin hərbi rəhbəri Qılman Eyvazovun təşkilatçılığı ilə baş tutan hərbi bilik yarışında liseyin şagirdlərindən ibarət yeddi komanda yarışıb. Yarışa start verilənədək şagirdlər silahla davranmağı, avtomatın sökülüb-yığılmasını çox mükəmməl icra etməklə iştirakçılarda günə xoş ovqat yaratmağa nail olublar.

Sonra müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə hazırlanmış bilik yarışında hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən suallar təqdim edilib. Özlərini əsl sınaq meydanında hiss edən şagirdlər həm bilikləri, həm də cəsarətləri ilə fərqlənməyi bacarıblar.

Qaliblər isə: 1-ci yer –“Rekordsmenlər”- 10 A3, 2-ci yer “Mühəndislər” – 10 A1, 3-cü yer “Bisnessmenlər”-10 A2 olub.

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Aprel döyüşlərinin iştirakçıları olmuş ehtiyatda olan polkovnik-leytenant Eldəniz Sadıqov və polkovnik-leytenant Elşən Qarayev xatirələrini bölüşüblər. Bildirilib ki, aprel döyüşlərindəki qələbəmiz, Şanlı Zəfərin və Böyük Qayıdışın başlanğıcı oldu.

Tədbirdə Azərbaycan əsgəri və zabitininin göstərdiyi qəhrəmanlıqlardan ətraflı söhbət açılıb. Qeyd edildi ki, onlar öz canları və qanları bahasına sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, “Qarabağ Azərbaycandır!”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində Azərbaycan əsgərinin şücaətindən, döyüşdə müvəffəqiyyət qazanmaq üçün mənəvi gücün rolundan bəhs edib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə belə platformaların əhəmiyyətinə diqqət çəkib.

Liseyin direktoru Aynur Hüseynova şagirdləri növbəti müvəffəqiyyətləri münasibətilə təbrik edib.