“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 20 layihə ilə 35 şagirdimiz iştirak edəcək

28 Yanvar 2019

    Cari ilin 12-14 fevral tarixlərində “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək.

    Müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların  83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.

    Bu layihələrdən 20-si Akademik Zərifə Əliyeva adına liseyi təmsil edəcək. Onlardan 15-i komanda 2-si fərdi 3-ü isə digər məktəblərin şagirdləri ilə birgə hazırlanmış layihələrdir. 

    Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir.

    Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.