"Sabahın alimləri" VI Respublika Müsabiqəsində Akademik Zərifə Əliyeva adına lisey 24 şagird və 14 layihə ilə təmsil olunur.

15 Fevral 2017

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.
(A.R.Dyerdi)

15 fevral 2017-ci il tarixində "Sabahın alimləri" VI Respublika Müsabiqəsinə start verildi. Təhsil Nazirliyi tərəfindən keçirilən bu müsabiqədə  əsas məqsəd şagirdlər arasında onların elmi tədqiqatlarını və əldə etdikləri nailiyyətləri nümayiş etdirmək üçün imkan yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdən ibarətdir. Qeyd edək ki, bu müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. 

Builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 layihə ilə iştirak edir."Sabahın alimləri" müsabiqəsində  Akademik Zərifə Əliyeva adına liseyin 24 şagirdi 14 layihə ilə (müxtəlif nominasiyalar üzrə) iştirak edir. 

Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət Münsiflər Heyəti yaradılıb. Qaliblər təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar. 3 layihənin müəllifləri isə cari ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-də iştirak etmək imkanı qazanacaq. 

Akademik Zərifə Əliyeva adına liseyi  "Sabahın alimləri" müsabiqəsində təmsil edən hər bir şagirdimizə və bütün iştirakçılara uğurlar arzulayırıq.