Beynəlxalq Muğam Mərkəzində “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatın 5-ci təqdimetmə mərasimi

28 Noyabr 2016

HEÇ BİR UŞAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ” MİLLİ İCTİMAİ MÜKAFATIN 5-Cİ TƏLTİFETMƏ MƏRASİMİ

                                                                      Uşaq dünyanın ən böyük səadətidir.

                                                                                                   M. Dostoyevski

Tərbiyənin sirri uşağa hörmət etməklə başlayar. Çin atalar sözlərindən birində deyilir: “Uşaqlarınıza sevgini verin, fikirlərinizi deyil, çünki onların öz fikirləri vardır. Bədənlərini qidalandırın, ruhlarına toxunun.Uşaqlar onların ruhlarına toxunanları əsla unutmazlar.  Uşaqları özünüzə bənzətməyə yox, özünüz onlara bənzəməyə çalışın”. Həqiqətən də, uşaqların nəsihətdən daha çox yaxşı nümunəyə və şəfqətə ehtiyacları var. İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma yaxşı davranış və şəfqətin qarşısnda diz çökər. Şəfqət elə bir dildir ki, onu kor oxuya, kar eşidə bilər. Şəfqət ağılı aydınlatdığı kimi, qəlbi də isidər. Şəfqətə, qayğıya daim ehtiyac hiss edənlər sırasında isə uşaqlar daima ön sıralarda yer tuturlar.

2016-cı il 28 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatın 5-ci təqdimetmə mərasiminə və “Uşaq qaynar xəttinin mobil əlavəsi” təqdimatına həsr olunmuş tədbir keçirildi. Tədbirdə aparıcı kimi Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri iştirak edirdilər.  Daxilindəki səddi aşaraq böyük auditoriya qarşısında iştirak etmək xüsusi natiqlik qabiliyyəti və cəsarət  tələb edir. Bu isə Akademik Zərifə Əliyeva adına liseydə şagirdlər yalnız təhsilli gənclər olaraq deyil, həm də  gələcəyin gözəl və aydın nitqə malik natiqləri kimi yetişdiyinin, eyni zamanda lisey rəhbərliyinin uşaqlara göstərdiyi qayğı və inamın bariz nümunəsi idi. Tədbirdə müxtəlif məktəblərin şagirdləri bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edirdilər. Sonda isə tədbir iştirakçıları  Beynəlxalq Muğam Mərkəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxmağa dəvət edildilər. Rəsm sərgisi isə ” hər bir uşağın qəlbi xeyirxahlığın hakimlik etdiyi  bir dünyadır” fikrini bir daha təsdiq edirdi.