"AZƏRBAYCAN" rəsmi dövlət qəzetindən...

26 Yanvar 2017

Akademik Zərifə Əliyeva adına Liseyin uğurları

Akademik Zərifə Əliyeva adına Liseydə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq tədrisin təşkili istiqamətində səmərəli tədbirlər reallaşdırılır, yüksək nəticələr qazanılır.

Liseyin direktoru Mehriban Vəliyeva AZƏRTAC-a bildirib ki, bu təhsil müəssisəsinin 48 şagirdi fənn olimpiadalarının martda keçiriləcək respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanıb. Eyni zamanda, “Sabahın alimləri” altıncı respublika müsabiqəsində liseyin 42 şagirdi 21 layihə ilə iştirak edəcək.

Liseydə qazanılan uğurlardan bəhs edən M.Vəliyeva deyib ki, ötən il şagirdlər Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Rumıniya, Niderland və digər ölkələrdə keçirilmiş fənn olimpiadaları və müsabiqələrdə uğurla iştirak edib, qızıl, gümüş və bürünc medallar qazanıblar.

Ötən il liseyi on bir şagird qızıl medalla bitirib, onlar yüksək ballarla ali təhsil müəssisələrinə qəbul olunublar. Ümumilikdə isə məzunların 99 faizi respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə daxil olub, onlardan 59-u qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Üç məzun Prezident təqaüdünə layiq görülüb.

M.Vəliyeva bu il də liseyin uğurlar qazanacağına əminliyini bildirib.

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=114626