Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdləri Dubayda keçirilən "Go up for the climate" onlayn layihə olimpiadasında qalib gəliblər

20 İyun 2017

     Birləşmiş Ərəb  Əmirliklərinin Dubay şəhərində Ekologiyaya həsr olunmuş "Go up for the climate" onlayn layihə olimpiadası keçirilmişdir. 

    Olimpiadaya cari ilin 5 oktyabrında start verilmiş, 25 martda isə finalçılar seçilmişdir. Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdləri Sona Sadıqova və Nuray Xəlilbəyli bu mərhələni uğur qazanaraq final mərhələsinə keçmişdirlər. Olimpiadanın final mərhələsi isə 5 apreldə baş tutmuşdur. Liseyimizin şagirdləri Sona Sadıqova və Nuray Xəlilbəyli finalda da müvəffəqiyyət əldə edərək bürünc medal qazanmışdırlar. 

Nuray Xəlilbəyli və Sona Sadıqova olimpiadaya “Arundo-Donaks bitkisinin yüksəkproteinli heyvan yemlərinin əldə olunmasında istifadəsi” adlı layihə təqdim etmişdirlər. Qeyd edək ki, şagirdlərimiz öz layihələrində heyvan yemlərinin hazırlanmasında keyfiyyətcə yeni texnologiyanın tətbiqini təklif edirlər. 

   Təbiətdə yabanı halda bitən Arundo-Donaks bitkisindən istifadə etməklə yüksək keyfiyyətli heyvan yemlərini əldə etmək mümkündür. Belə ki, bu bitkinin tərkibində həm protein miqdarı yüksəkdir, həm də tez həll olunan karbohidratlar mövcuddur. Sona və Nuray Botanika İnstitutundan Arundo-Donaks bitkisinin toxumlarını əldə edərək Akademik Zərifə Əliyeva adına liseyin bağçasında onu əkib becərmişdirlər. Bundan sonra gənc mühəndislər Rumıniyada yerləşən Arundo Celluloz Farming şirkəti ilə əməkdaşlıq edərək onların laboratoriyalarında Arundo-Donaks bitkisinin biokütləsinin kimyəvi analizlərinin əldə edilməsinə nail olmuşdurlar. Əldə olunan bu göstəricilər təhlil edilərək keyfiyyətli heyvan yemlərinin iqtisadi səmərəliliyi araşdırılmışdır. Nəticələr gözlənildiyi kimi olmuşdur, Arundo-Donaks tərkibli heyvan yemləri hərtərəfli olaraq yüksək məhsuldarlıqlı hesab olunmuşdur.

   Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Sona Sadıqova və Nuray Xəlilbəylinin birgə layihələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ekologiyaya həsr olunmuş "Go up for the climate" onlayn layihə olimpiadasında da jüri heyətinin yüksək dəyərləndirilməsinə layiq görülmüşdür. Şagirdlərimiz 50-dən çox ölkənin 150-yə yaxın iştirakçısının qatıldığı bu olimpiadada bürünc medal qazanmışdırlar.