Akademik Zərifə Əliyeva adına lisey" Book cafe" və dahilərin əsərləri əsasında hazırlanmış pantomim layihəsi ilə "Oxu Günü" tədbirində ...

29 Aprel 2017

29 aprel 2017-ci il tarixində bizləri Heydər Əliyev Mərkəzinin parkındakı "Gəlin birgə oxuyaq! " şüarı altında təşkil olunmuş "Oxu Günü" tədbirinə toplayan səbəb insan ruhunun əlvan naxışlarla bəzənmiş bütün zənginliyini qoruyan, ecazkar xəzinə olan Kitab idi.  Məhz o xəzinə bu gün Sizləri cəmiyyətdə uğur sahibi edən, bizləri isə uğura aparan yolun Giriş qapısıdır.

Unutmayaq ki, böyük bir çinar kiçik toxumda, ən böyük bir uğur isə xəyalda gizlidir. Uğurlu bir insan ola bilmək üçün daxilinizdəki ən parlaq ulduzu kainata göndərin və o ulduzun bir gün mütləq uğur zirvəsini fəth edəcəyinə inanın.Bu uğurla ilk tanışlığınız məhz məktəb adlı müqəddəs ocaqda başlayar. Uğur isə insan ruhlarının sehrləndiyi bir otaqda gizlidir. O sehri isə yalnız o otağı taparaq və oradakı Kitab adlı müqəddəs nemətə toxunaraq poza bilərsiniz. Siz o kitabları oxumaqla insan ruhlarını əsarətdən azad edərək azadlıqlarına qovuşdura bilərsiniz. Əslində hər kitab bir müdriklə söhbətə bərabər deyilmi?! Həqiqətən də, həyatda hər gün bir müdrik insanla söhbətdən gözəl nə ola bilər axı!?

Makedoniyalı İskəndərin 7 alimlə çəkildiyi xəlvətin hörmətli qonağı, dahi Nizamiyə əbədiyyət qazandıraraq sirlərə qədəm basmış Gəncə kitabxanasının bəzəyi, daş divarlarına “”Ruhun şəfa tapdığı” yer deyilərək cızıldığı İskəndəriyyə  kitabxanasının   incisi olan, insan düşüncəsinin  ən parlaq incilərini özündə toplayaraq gələcək nəsillərə ötürən müqəddəs kitablar ... Hər vərəqləndikcə  insan ruhunda xəzan yarpaqlarıtək  bir insanın dünyada eşidəcəyi ən ecazkar səsi yaradan, ölməz fikirləri tarix boyu hər sətrində yadigar saxlayan ağıl dostu kitablar və keçmiş əsrlərin işıqlı düşüncə sahibləri ilə söhbət və müqəddəs dünya olan Kitabxanada müdriklərin ağıl süzgəcindən süzülmüş Həyat adlı dərs almaq...

Hind alimi Ranqanatanın fikrincə kitabxana qurmaq məbəd qurmaq qədər müqəddəsdir. Sadəcə ilk öncə yaxşı kitabxanaçı tapmaq, daha sonra kitabxana açmaq lazımdır.

Bir insanın evində müqəddəs məbədin, yəni  şəxsi kitabxanasının olması isə o insanın evində müdrik müəllimin varlığına bərabərdir. Bu müdrik müəllim ən çətin anda insanın  qəlbində qürub edən günəşini təkrar zühur etdirəcək gücə malikdir...Uğur qəlbdən gələr, beyində böyüyər, əllərdən həyata axar. Dahilər də ,bəlkə, uşaq ikən qəlblərindəki parlaq ulduzu kainata ötürmüş və məhz o uğur ulduzu oxuduqları kitablardan, yəni müdrik müəllimlərindən aldıqları dərs sayəsində Zirvəyə yüksəlmişdir.

"Oxu Günü" tədbirində Akademik Zərifə Əliyeva adına liseyin şagird kollektivi İnformasiya-resurs mərkəzinin rəhbəri, liseyin kitabxanaçısı olan İradə Hacızadənin yaradıcı və innovativ layihəsi olan "Book cafe" (Kitab klubu) layihəsi və liseyin teatr dərnəyinin bədii rəhbəri olan rejissor və aktyor Bəhruz Vaqifoğlunun Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri əsasında hazırladığı pantomimlə iştirak edirdi. Hər iki layihə  tədbir iştirakçılarının marağına səbəb oldu. 

Bu layihələrin reallaşmasına dəstək olan liseyin direktoru Mehriban Vəliyevaya və əziyyəti olan hər kəsə təşəkkür edir, uğurlarının davamını diləyirik.