2 Fevral- Azərbaycan Gənclər Günü

02 Fevral 2017

Gəncliyə üç nəsihətim var: Çalışın, çalışın və çalışın.

Bismark

Gənclik böyük qüvvədir.  İvan Turgenev yazırdı: “Nə xoşbəxtdir o insanlar ki, gəncliklərində gənc ola bilirlər”.  Gənclik bir ruhdur, güvəndiklərimizdir, Vətənimizi, qurduqlarımızı və sevdiklərimizi əmanət etdiyimiz kəslərdir.  Gənclik sevgi dolu bir dünyanı kiçik qəlbinə sığışdıran bahar ruhlu xeyirxahlıq simvoludur.

Gənclik! Biz Sizlərə güvənirik. Siz bizim, gələcək isə məhz Sizlərin əsəridir. Bu Vətən, bu torpaq və bu vətənin ataları, anaları, körpələri Sizə güvənir... Ruhunuzdakı gəncliyi elə qoruyun ki, əsla Sizləri tərk etməsin. Unutmayın ki, Gənclik arzulara gedən bir yolun başlanğıcıdır. Bu yolda isə yol yoldaşınız təmiz qəlb, vicdan, inam, sədaqət, mərdlik və xeyirxahlıq olsun... Bu yol yoldaşlarını isə Sizlər Həyat adlı neməti öz səhifələrinə sığışdıran Kitablardan tapa bilərsiniz. Robin Şarmanın fikri ilə desək, ən böyük insanlar ən böyük kitabxanalara sahib olanlar arasından çıxar. Gələcəyimizi, həqiqətən də, yalnız vicdanlı, mərd, sədaqətli, bilikli, xeyirxah və yaradıcı  gənclərə əmanət edə bilərik.

Akademik Zərifə Əliyeva adına lisey adından ruhunda Gəncliyi yaşadan hər bir kəsi Azərbaycan Gənclər Günü münasibətilə təbrik edirik.