Liseyimizin şagirdi beynəlxalq fənn olimpiadasında gümüş medal qazanıb

28 İyun 2024

Çexiyanın Brno şəhərində proqramlaşdırma üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib. 11 ölkədən 60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil olunub.  Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medal əldə edərək Vətənə uğurlu nəticə ilə geri dönüb. 
Qeyd edək ki, sözügedən olimpiadada liseyimizin daha bir şagirdi Hüseyn Ağayev də iştirak edib. 

1994-cü ildən etibarən keçirilən CEOI regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma bacarıqlarını dəyərləndirilir.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə 72 medal qazanıblar.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik