15 sentyabr- Bilik Günü

15 Sentyabr 2017

   Hər il olduğu kimi 2017-2018 tədris ilinin başlanğıcını da liseyimiz bilik günü kimi qeyd etdi. Məktəbimizin həyətində təşkil olunan 15 sentyabr - Bilik Günü bizim üçün bir sıra məqamlarına görə əlamətdar oldu. İstər ötən tədris ilini müsbət notlarla başa vurmağımız, müəllim və şagirdlərimizin çoxsaylı uğurları, istərsə də bizimlə eyni vaxtda Çocuq-Mərcanlıda da yeni tədris ilinin başlanması sevincimizə sevinc qatdı. Tədbiri giriş sözüylə açan direktorumuz Mehriban xanım Vəliyeva şagirdlərimizin ötən tədris ilində əldə etdiyi müvəffəqiyyətlər, qarşıya qoyulan məqsədlər haqqında geniş məruzə etdi. Tədbirə dəvət alan qonaqlar çıxış edərək məktəb kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdilər. Müəllimlərimiz liseyə yeni qəbul olan şagirdlərimizi təbrik etdilər və onlara uğurlar arzuladılar. Rəsmi hissənin sonunda liseyimizin gənc müəllimlərinə söz verildi. Onlar da müəllim andını içərək liseyimizin uğurları yolunda fədakarcasına çalışacaqlarına söz verdilər.

  Tədbirin bədii hissəsində isə şagirdlərimizin ifasında Bayraq şeiri səsləndirildi və səhnəyə üçrəngli bayrağımız gətirildi. Daha sonra maraqlı musiqi kompozisiyası ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıldı. Və nəhayət ilk zəng vuruldu və Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri tədris həyatlarında yeni bir səhifə açdılar. Biz də hər bir şagirdimizi təbrik edir, Allahdan onara zehin açıqlığı diləyirik. Bilik Gününüz mübarək olsun əziz dostlar!