Ukraynalı şagirdlər akademik Zərifə Əliyeva adına liseydə olublar

13 İyun 2023

Ukraynanın akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti iyunun 13-də liseyimizdə - akademik Zərifə Əliyeva adına liseydə olub. Kollektivimiz qonaqları böyük coşqu ilə qarşılayıb.

Əvvəlcə Azərbaycanın və Ukraynanın Dövlət himnləri səsləndirilib.
Liseylə tanış olan qonaqlara bu təhsil ocağının məzunu, Vətən müharibəsi şəhidi Namiq Quliyev haqqında məlumat verilib. Qonaqlar, həmçinin liseyin robototexnika otağı, informasiya resurs mərkəzi - kitabxana, idman zalı ilə tanış olublar.
Ukraynalı qonaqlarla keçirilən görüşdə akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva onların Azərbaycana səfərini iki təhsil ocağı arasında əməkdaşlıq istiqamətində atılan addım kimi yüksək dəyərləndirib. O, gələcəkdə bu əməkdaşlığın və dostluğun möhkəmlənəcəyinə ümidvar olduğunu deyib.

Fərqanə İsayeva, həmçinin liseyin məzunlarının dünyanın nüfuzlu ali məktəblərində təhsil aldığını söyləyib, akademik Zərifə Əliyevanın həyat yolunun gənclərə örnək olduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktoru Valentina Antonenko Azərbaycana gəlməkdən məmnunluğunu bildirib, iki təhsil müəssisəsi arasında əməkdaşlığın vacibliyini qeyd edib.
“Çox xoşbəxtəm ki, 2015-ci ildə bizim məktəbə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dostu, silahdaşı, ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın adı verilib. Bu gün mən ikiqat xoşbəxtəm. Çünki mən Zərifə xanım Əliyevanın adını daşıyan liseydə oldum. İlk təəssürat çox gözəldir”, - deyə Valentina Antonenko vurğulayıb.

Ukraynalı qonaq diqqətə çatdırıb ki, rəhbəri olduğu məktəbdə Zərifə Əliyeva adına muzey də fəaliyyət göstərir: “Biz onun xatirəsini ehtiramla anırıq. İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan park var. Parkda onun xatirəsinə abidə ucaldılıb. Həmin abidənin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Mən bu insana ürəkdən minnətdaram”.

Rəhbəri olduğu məktəbə müharibə zamanı ciddi ziyan dəydiyini deyən Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyinin bu məktəbi tez bir zamanda əsaslı təmir etdirdiyini xatırladıb və buna görə minnətdarlığını bildirib.

Qonaq bildirib ki, hazırda məktəbdə 75 sinif var və 2500 şagird təhsil alır. Tədbirdə hər iki təhsil ocağı haqqında videoçarxlar nümayiş edilib.

Akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin şagirdləri Nurlana Mahmudovanın “Azərbaycan” şeirini, Emil Zeynalovun “Sarı gəlin” mahnısını ifa etməsi, eləcə də Bakıdakı liseyin şagirdlərinin təqdim etdikləri rəqs nömrəsi tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Qeyd edək ki, səfərin məqsədi qardaşlaşmış məktəblər nümunəsinin daha intensiv şəkildə təqdim edilməsi, şagirdlər arasında ünsiyyətin qurulması, iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsidir.