“Su ehtiyatlarından səmərəli istifadə edək” adlı maarifləndirmə tədbiri keçirilib

12 May 2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq liseyimizdə coğrafiya müəllimi Mehman Daşdəmirovun təşkilatçılığı ilə 10-cu siniflərdə  “Su ehtiyatlarından səmərəli istifadə edək” adlı maariflənmə tədbiri keçirilib.

Mehman müəllim öz çıxışında son illərdə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında görülmüş mühüm işlər, bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə icra edilmiş iri layihələrdən bəhs edib. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafının sürətləndiyini, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sisteminin əhəmiyyətli dərəcədə yaxşılaşdığını və müasirləşdirildiyini bildirib. Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadənin və tullantılardan mühafizəsinin zəruriliyini qeyd edib.

Sonda şagirdlərin sualları cavablandırılaraq görüşə yekun vurulub.