“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

29 Dekabr 2015

Dekabrın 29-da “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər. Mərasimdə çıxış edən
Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirlik tərəfindən 6-cı dəfə keçirilən müsabiqəyə marağın böyük olduğunu söyləyib.

E.Əmrullayev nəzərə çatdırıb ki, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. 

Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

Qeyd edək ki, “Şagird” istiqaməti üzrə nominasiyada Akademik Zərifə Əliyeva adına liseyi təmsil edən 9a1 sinif şagirdi Ziya Muxtarov və 9a2+ sinif şagirdi Rüfət Şirvanlı da qaliblər sırasında yer alıblar.


http://edu.gov.az/az/page/9/11816