Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin və akademik Zərifə Əliyeva adına liseyin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə xüsusi xidmətlərindən və çoxşaxəli fəaliyyətindən bəhs edib. Bildirib ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq qələbə Milli Ordumuzun gücünün və qüdrətinin göstəricisidir.
Millət vəkili, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev, akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimləri Aytən Tahirli, Rüfət Rizayev çıxışlarında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə ordu quruculuğu, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin bu sahəyə qayğısı ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etdi.
Daha sonra Tarix fakültəsinin II kurs tələbəsi Mehdi Rzayev vətənpərvərlik mövzusunda yazdığı şeiri səsləndirib. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Aysu Poladova Aprel döyüşləri, Lələtəpə yüksəkliyinin azad edilməsinin 44 günlük Vətən müharibəsində oynadığı roldan, önəmindən danışıb.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda xidmətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.