19-24 iyul tarixlərində Almaniyanın Frankfurt şəhərində Beynəlxalq “STEM” olimpiadasının Qrand Finalı keçirilib. 14 ölkənin təmsil olunduğu Qrand Finalda Azərbaycandan 8 komanda rəhbəri və 58 şagird iştirak edib. Ümumilikdə isə Qrand Finalda 285 şagird mübarizə aparıb. Olimpiada “Riyaziyyat”, “Təbiət Elmləri” və “Kompüter – Kodlama” adlı 3 kateqoriya üzrə keçirilib. Komandamız ümumilikdə 31 qızıl, 23 gümüş, 31 bürünc, 16 həvəsləndirici medal qazanıblar.
Olimpiadanın əvvəlki mərhələləri onlayn platforma üzərində həyata keçirilib. Əvvəlcə ölkə mərhələsi, daha sonra final mərhələsi baş tutub. Onlayn qaydada baş tutan dünya finalında 93 ölkədən 7695 şagird mübarizə aparıb. Finalda həm sinif , həm də kateqoriya üzrə nailiyyət əldə etmək mümkün idi. Kateqoriya üzrə dünyada ilk 3 yeri qazanan şagirdlər Frankfurtda təşkil olunan Qrand Final mərhələsində iştirak etmək üçün endirimlər əldə ediblər.
İştirakçılar Giesen şəhərindəki məşhur “Matematikum” Elm Mərkəzində və Hailbronn şəhərindəki “Experimenta” Elm Mərkəzində olublar. Buradakı elmi tədqiqat və təcrübə proqramları ilə tanış olmaq imkanı əldə ediblər. Final turu və mükafatlandırma mərasimi isə Avropanın və dünyanın məşhur ali təhsil müəssisələrindən olan “Goethe” universitetində həyata keçirilib. Sevindirici haldır ki, komandamız 3 fərqli kateqoriyada və fərqli siniflər üzrə Vətənə böyük nailiyyətlərlə dönüb. Qızıl medal qazananlar arasında "Best of best" naminasiyasında şagirdlərimiz 2 dəfə 3-cü, 5 dəfə 2-ci, 6 dəfə 1-ci olaraq adlarını ən güclülər sırasına yazdırıblar.
Sevindirici haldır ki, medala layiq görülənlər arasında liseyimizin XI sinif şagirdi Cəmil Kazımzadə də var. Cəmil həm riyaziyyat, həm də kodlama kateqoriyasında "Best of best" nominasiyası üzrə 3-cü yerə layiq görülüb. Ona medallar və hədiyyələr təqdim edilib.
Bu münasibətlə bütün şagirdlərimizi təbrik edir, onlara bol-bol uğurlar arzu edirik!