“Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi elan edilir

05 İyun 2024

“Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika layihə müsabiqəsinin keçirilməsi qaydaları.

1. Ümumi məlumat

1.1. Bu Qaydalar iqlim dəyişikliyinin sağlamlığa təsirləri barədə məktəblilərin məlumatlılığını artırmaq, bu qlobal problemin həllində onların fəal iştirakını təmin etmək, sağlam gələcək və sağlam planet naminə öz ideyalarını bölüşmək və həllər irəli sürmək üçün uyğun platforma yaratmaq məqsədilə məktəblilər arasında keçirilən ümumrespublika layihə müsabiqəsində komandaların iştirak şərtləri, qeydiyyatı, seçilməsi, layihələrin qiymətləndirilməsi, qalib komandaların müəyyən olunması və mükafatlandırılması qaydalarını müəyyən edir.

1.2. Müsabiqə ölkə üzrə orta məktəblərin VI-IX sinif şagirdləri arasında keçiriləcəkdir.

2. Müsabiqədə iştirak şərtləri

2.1. Müsabiqədə məktəblilər komanda şəklində iştirak edə bilərlər.

2.2. Hər bir məktəb müsabiqədə 8 nəfərdən çox olmamaq şərti ilə (əsas üzvlər 5, ehtiyat üzvlər 3 nəfər)  komanda şəkilində təmsil olunmalıdır. Müsabiqədə hər bir məktəbdən yalnız bir komanda iştirak edə bilər.

2.3. Hər bir komandaya həmin məktəbdən bir məsul şəxs təyin olunmalıdır.

2.4. Hər komanda müsabiqəyə yalnız bir layihə təqdim edə bilər.

2.5. Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələrin müsabiqədə iştirakına yol verilmir.

2.6. Layihələr elektron formada müəyyən edilmiş tələblərə uyğun 10.06.2024-cü il tarixinədək təqdim edilməlidir.

2.7. Digər qurumlar tərəfindən daha əvvəl maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr bu müsabiqəyə təqdim edilə bilməz.

3. Müsabiqə iştirakçılarının müəyyən edilməsi, qeydiyyatı və seçilməsi

3.1. Müsabiqədə iştirak etmək üçün VI-IX sinif şagirdləri arasından tərkibi 8 nəfərdən çox olmamaq şərti ilə komanda müəyyən edilməli və

https://docs.google.com/forms/d/1mX2nyX43a7bSzJoAByhEpiubbPk9D6W7jTfBMQs4mvo/edit  linkdə qeydiyyatdan keçməlidir.

3.2. Qeydiyyatdan keçən komandaların məsul şəxsinə və məktəblərə təsdiq barədə məlumat göndərilir.

4. Hazırlıq mərhələsi və layihələrin qəbulu

4.1. Hazırlıq mərhələsində iştirakçılar təlimlər və vebinarlar vasitəsilə müsabiqə qaydaları, layihə mövzuları və istiqamətləri, layihənin strukturu və s. barədə ətraflı məlumatlandırılır.

4.2. Komandalar hazırladıqları layihələri portalda qeydiyyatdan keçirməlidir.

4.3. Müsabiqəyə təqdim olunan layihələrdə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

- Məktəbin adı, ünvanı və əlaqə vasitəsi

- Təyin olunan məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə vasitəsi

- Komanda üzvlərinin hər birinin adı, soyadı və əlaqə vasitəsi

- layihənin adı;

- qısa təsviri;

- layihənin icrası nəzərdə tutulan coğrafi ərazi;

- layihənin hədəf qrupu

- layihə fəaliyyətləri;

- icra müddəti;

- gözlənilən nəticələr;

- layihə büdcəsi;

- layihənin təqdimat videosu.

4.4. Müsabiqəyə təqdim olunan layihələr üçün texniki tələblər:

  • Layihə təklif sənədi MS Word faylı formatında Arial 12 şriftlə yazılmalı, sətirlər arası məsafə 1.15 olmalıdır.
  • Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
  • Layihənin məzmunu minumum 200 maksimum 250 sözdən ibarət, 12 şrift, 1.5 interval və Arial şrift qaydalarına riayət etməklə Word sənədində təqdim etməlidir.
  • Layihənin təqdimat videosu yüksək keyfiyyətdə olmalı və müddəti 10 dəqiqəni keçməməlidir.

4.5. Layihə büdcəsi 5000 (beş min) manatı keçməməlidir.

4.6. Bu Qaydaların tələblərinə uyğun olmayan layihələr texniki yoxlama mərhələsində müsabiqədən kənarlaşdırılır.

5. Müsabiqənin keçirilməsi və layihələrin qiymətləndirilməsi

5.1. Texniki işçi qrupu tərəfindən müsabiqəyə təqdim olunan layihələrin bu Qaydalara uyğunluğu yoxlanılır. Yoxlama mərhələsində müstəqil ekspertlər və mütəxəssislər cəlb oluna bilər. Texniki yoxlamadan keçən layihələr müsabiqəyə buraxılır və Təşkilat Komitəsinə təqdim olunur. Müsabiqəyə buraxılan layihələr barədə komandalara təqdimat tarixləri və vaxtı barədə qabaqcadan məlumat verilir.

5.2. Komandaların hər birinə layihənin təqdimatı üçün 15 dəqiqə vaxt verilir. Təşkilat Komitəsi tərəfindən layihələrin qiymətləndirilməsi sağlam gələcək və sağlam planet naminə görülməli işlər, iqlim dəyişikliyinin ekologiyaya, ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin aradan qaldırılması və mövcud problemin həllinə zəmin yaratması, layihə çərçivəsində görüləcək işlərin reallığı, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi və maliyyə səmərəliliyinin uyğunluğu kimi meyarlar nəzərə alınmaqla aparılır.

5.3. Layihələrin qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında aparılacaq:

- Uyğunluq: Layihə qlobal iqlim dəyişikliyinin ətraf mühitə və uşaqların sağlamlığına mənfi təsirlərini, eləcə də həmin təsirlərin azaldılmasına yolları (və ya təklifləri) əhatə etməlidir.

- Reallıq: Təkliflər nəzərdə tutulmuş vaxt qrafiki və büdcə çərçivəsində real və icra edilə bilən olmalıdır.

- İnnovativ yanaşma: Layihələr problemin həllinə yaradıcı və ya innovativ yanaşmaları əhatə etməlidir.

- Davamlılıq: Layihənin icrası yekunlaşdıqdan sonra da fəaliyyətlərin davamlılığı təmin olunmalıdır.

- Orijinallıq: Təqdim olunan layihələr komandaların öz ideyası və işi olmalıdır.

- Ölçüləbilən: Layihə nəticələri ölçüləbilən olmalıdır.

5.4. Qiymətləndirmənin nəticələri əsasında ən uğurlu 5 layihə qalib elan olunur. Qalib komandalara layihənin icrası üçün büdcə məbləğində pul mükafatı verilir. Layihələrin icrası Təşkilat Komitəsi tərəfindən nəzarətdə saxlanılır. Komandalar layihələrin icrasının yekunlarına dair hesabat təqdim edir.

5.5. Komandaların hər birinə fəxri diplom, bütün iştirakçılara sertifikat təqdim edilir.

 

“İQLİM DƏYİŞİKLİYİNİN UŞAQLARIN SAĞLAMLIĞINA TƏSİRLƏRİ” LAYİHƏ MÜSABİQƏSİNİN MÖVZULARI:

Müsabiqədə iştirak edən komandalar tərəfindən aşağıdakı mövzularda layihə təkliflərinin hazırlanması və təqdim edilməsi təklif olunur:

- Ekoloji problemlərin həllində innovativ texnologiyaların tətbiqi;

- İqlim dəyişikliyi təsirlərinin azaldılmasıbda icma təşəbbüsləri və təbliğat tədbirləri;

- Kabon emissiyasının azaldılmasında bərpa olunan enerji istehsalı və texnologiyaların inkişaf etdirilməsi;

- Şəhərsalma və ya müxtəlif infrastruktur obyektlərinin tikintisində enerji səmərəliliyinin artırılmasına və ətraf mühitin qorunmasına yönəlik dizaynların və memarlıq konsepsiyalarının tətbiqi;

- Biomüxtəlifliyin qorunması və ya bərpası;

- Tullantıların minimuma endirilməsini (sıfır tullantı) və ya təkrar emalını təmin edən təcrübələrin və texnologiyaların tətbiqi;

- Elektrik və elektron tullantıların uşaqların sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılması;

- Davamlı kənd təsərrüfatı, aqroekologiya və ya qida istehsalında ekoloji davamlılığı təşviq edən, ərzaq təhlükəsizliyini təmin edən və qida istehsalında karbon izini azaldan yeniliklərin tətbiqi;

- Ekoloji tarazlığın qorunmasında aqro-meşəçilik təcrübələrinin tətbiqi;

- Ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi, torpaq və su resurslarında qeyri-orqanik birləşmələrin miqdarının azaldılmasında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı;

- Qlobal iqlim dəyişikliklərində antropogen (insan faktoru) təsirlərinin azaldılması üçün alternativ əkinçilik texnologiyalarının tətbiqi;

- İqlim dəyişmələrinin kənd təsərrüfatına mənfi təsirlərinin idarə olunmasında maarifləndirmə tədbirləri;

- Yüksək temperatur, yağıntıların dəyişməsi və ekstremal hava hadisələrinin tezliyinin məhsulların məhsuldarlığına və keyfiyyətinə təsirləri;

- Qida tullantılarının və itkilərinin azaldılması üçün təchizat zənciri infrastrukturunun təkmilləşdirilməsi;

- Sağlam qida mədəniyyətinin formalaşdırılması;

- Su mənbələri və resurslarından qənaətlə istifadənin təşviqi;

- Kəhriz və su hövzələrinin mühafizəsi, sudan səmərəli istifadə edilməsində məktəb-bələdiyyə əməkdaşlığının inkişaf etdirilməsi;

- Su hövzələrinin qorunmasında quraqlığa davamlı bitki sortlarının yetişdirilməsi;

- Axıntı və çirklənmiş suların təkrar təmizlənməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi.

Qeyd edək ki, müsabiqənin keçirilmə qaydaları haqqında https://shorturl.at/lnX9n link vasitəsitəsilə ətraflı məlumat ala bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən məktəblər https://shorturl.at/6APQ1 linkdən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyat cari ilin 10 iyun tarixinədək davam edəcək.