Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə iştirak edən Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti dünyanın dinamik inişaf edən gənc dövlətlərindən biri olmaqla yanaşı, əmin-amanlıq, vətəndaş təhlükəsizliyinin təmin olunduğu azsaylı ölkələrdən biridir. Əli Əhmədov vurğulayıb ki, Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olması münasibətilə keçirilən tədbirlər sırasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rolunu xüsusi vurğulayan Əli Əhmədov artıq bir ənənəyə çevrilən bu müsabiqənin gənclərin vətənpərvər ruhunda yetişməsində xüsusi rol oynadığını qeyd edib.
Baş nazirin müavini çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan bütün təhsil işçilərinə təşəkkür edib, qalib şagirdləri təbrik edib.
Təhsil naziri Emin Əmrullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Təhsil naziri bildirib ki, Azərbaycan təhsilinin və elminin son 50 ildəki istiqaməti Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib. Belə ki, hazırda Azərbaycanda 4 400 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən əsrin 70-ci illərində bu rəqəm 765 olub və 70-ci illərin sonuna qədər 2117-yə çatıb.
Nazir bildirib ki, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi ölkəmiz müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilib. Çıxışının sonunda təhsil naziri qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bu müsabiqənin əhəmiyyətini, gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Konfederasiya sədri müsabiqə iştirakçılarının təmsil etdiyi qurum tərəfindən mükafatlandırılacağını deyib.
Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.
Qeyd edək ki, liseyimizin X sinif şagirdi Gülnur Niftəli “Ən yaxşı təqdimat” müsabiqəsində qaliblər siyahısındadır və II dərəcəli diplomla təltif olunub.
Youtube linki: https://www.youtube.com/watch?v=u4ldXfqcDzo