Oktyabrın 19-da Yasamal rayon Heydər Əliyev Mərkəzində “Görünməyən qəhrəmanlar” adlı sənədli film silsiləsindən olan “Böyük əmr” sənədli filmi nümayiş olundu.
Filmin nümayişində Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Zəka İbrahimov və 9a1 sinif şagirdləri iştirak etdi. Film nümayişindən öncə şagirdlər Mərkəzin Muzey bölməsi ilə tanış oldular, onlara bələdçilər tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi mənalı həyat yolu, zəngin siyasi irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verildi.
Qeyd edək ki, "Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi “Azərbaycanfilm” Kinostudiyası və “İctimai TV"nin birgə istehsalıdır. Ümumilikdə 5 filmdən ibarət olan silsilədə, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsi dövründə keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edilir.
Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva film haqqında məlumat verərək filmdə 2020-ci ildə Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsindən bəhs etdi.
Şagirdlər Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Zəfərinə həsr olunmuş “Böyük əmr” sənədli filmini izlədilər.