Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru və əməkdaşları və Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin direktor və bir qrup şagird heyəti Akademik Zərifə Əliyeva adına liseydə olublar.
kademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları ilə liseyin müəllim və şagird heyəti arasında görüş keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, şöbə müdiri Vəfa İsmayılova, aparıcı mütəxəssislər Günel Hacıyeva, Səma Vəliyeva və Gülnar İsmayılova, mütəxəssis Günel Cəbrayılova, Kürdəmir rayon Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbin direktoru Akif İbrahimov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, direktor müavinləri Zəka İbrahimov və Aynur Hüseynova, Azərbaycan dili və ədəbiyyatı müəllimləri və hər iki təhsil müəssisəsinin şagirdləri iştirak etmişlər.
Prof. Sevinc Əliyeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, digər məktəblərdə də bu kimi tədbirlərin təşkilinin vacibliyini vurğulamışdır. Orta məktəblərdə dilimizin saflığının qorunması və düzgün tədrisi istiqamətində atılan mühüm addımları dəstəkləyən S.Əliyeva bu işdə məktəb rəhbərliyinin, xüsusən də Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirmiş, bu şərəfli peşədə dilimizin keşiyində duranlara uğurlar arzulamışdır.
Mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verən Vəfa İsmayılova dilimizin saflığının qorunması işində ədəbi dil normalarının gözlənilməsinin əhəmiyyətindən bəhs etmişdir.
Aparıcı mütəxəssis Səma Vəliyevanın “Ulu öndərin gənclər siyasəti” adlı məruzəsini böyük maraqla qarşılayan şagirdlər Gülnar İsmayılovanın interaktiv təlimində xüsusi fəallıq göstərmişlər.
Tədbirin sonunda Mərkəzin əməkdaşları müxtəlif sinif şagirdləri tərəfindən verilən sualları cavablandırmışlar. Prof. Sevinc Əliyeva şagirdlərə onları maraqlandıran məsələlərlə bağlı Mərkəzin sayt və sosial şəbəkə hesablarına da müraciət etmələrini tövsiyə etmişdir.