MM Mədəniyyət Komitəsinin dəstəyi və xaricdən gəlmiş qonaqların iştirakı ilə Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar elm xadimi, Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə Akademikin adını daşıyan liseydə təşkil olunmuş və Türk ölkələrindən gəlmiş tanınmış aydınların iştirakı ilə keçirilən konfransda çıxış edib.
Paytaxtdakı Zərifə Əliyeva adına liseydə baş tutan tədbirdən öncə iştirakçılar Zərifə xanımın xatirəsinə sayğı duruşuna qalxıb və ardınca Dövlət himni səsləndirilib. Məktəbin şagirdləri yığcam təqdimatla çıxış edib, direktor Fərqanə İsayeva salamla nitqi söyləyib.
Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı iştirakçıları salamlayaraq, görkəmli ictimai və elm xadimi Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə təşkil olunan konfransın onun adını daşıyan – ölkənin nümunəvi təhsil ocaqlarından biri olan liseydə və Türk dünyasından təşrif buyurmuş tanınmış aydınların iştirakı ilə keçirilməsinin uyğun görüldüyünü bildirib. – O, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və Komitənin mənəvi dəstəyi ilə keçirilən mühüm tədbirin “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “UNİTY-Company” və “Avrasiya Beynəlxalq Mətbuat Fondu”nun təşkilatçılığı ilə keçirildiyini bildirib, mükəmməl hazırlığa görə Zərifə Əliyeva adına liseyin rəhbərliyinə, pedaqoji və şagird kollektivinə təşkilatçıların təşəkkürünü çatdırıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyəti haqqında danışıb, Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, görkəmli ictimai və elm xadimi, qayğıkeş ana, mehriban insan kimi xarakterik xüsusiyyətlərini vurğulayaraq, Zərifə Əliyeva ömrünü gənc qızlar üçün örnək ömür adlandırıb. Komitə sədri, Zərifə xanım Əliyevanın irsinin bir dəyər olduğunu deib.
Komitə sədri Zərifə xanımın zəngin və mənalı həyat yolundan, insanlara, konkret olaraq, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara işıq, nur bəxş etməsindən söz açıb, onun müəllifi olduğu fundamental əsərlər barədə bilgi verib.
Sözlərinə davam edən Komitə sədri daha sonra deyib:
“Bəli, Zərifə xanım Əliyeva şərəfli bir ömür yolu keçib, həyatı, əməlləri ilə başqalarının da ömrünü işıqlandırıb. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gələn görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 62 illik fiziki ömür yolu nəsillərə örnəkdir. Zərifə xanım çağdaş, güclü Azərbaycan dövlətçiliyinin memarı, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu idi. O, hər zaman Ulu öndərimizin yaxın sirdaşı, həyat dostu, ən böyük mənəvi dayağı olub.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də, qədim Naxçıvanın Şərur elinin Şahtaxtı kəndində, görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının örnək davranışları və yaşam tərzi onun üçün əsil həyat məktəbi olub, zəngin və mənalı ömür yaşamağın sirrlərini ondan öyrənib. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirərək Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə təhsilini uğurla başa vuraraq məzun olub. İnsanlara həyat işığı bəxş etmək arzusu onu 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutuna aparıb çıxarıb, orada oftalmologiya ixtisası üzrə kurs keçərək göz xəstəliklərinin profilaktikası və müalicəsinin incəliklərini mənimsəyib.
Zərifə xanım Əliyeva 1950-1953-cü illərdə aspirantura təhsili alıb, 1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1960-cı ildə uğurla dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi aldığı vaxtdan 1967-ci ilədək bu institutun böyük elmi işçisi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsində çalışıb.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. O, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alaraq, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Zərifə xanım Azərbaycan tibb elminə və səhiyyəsinə önəmli töhfələr verib.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti zəngin və əhatəli olub, oftalmologiyanın ən güncəl mövzularına həsr edilmiş çoxşaxəli, konseptual tədqiqatları tibb elmimizi zənginləşdirib. Bir-birindən dəyərli 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı elm yolu bu gün də yeni nəsilləri elmin zirvəsinə doğru aparmaqdadır. Alimin zəngin elmi irsi ilə yanaşı, pedaqoji fəaliyyəti də çoxsaylı araşdırmaların mövzusu olaraq tədqiq edilir, yeni tədqiqatlara stimul və material verir.
O, bir çox fəxri adlar, elmi titullar və mükafatlara layiq görülüb. Zərifə xanımın həyatda qazandığı ən mötəbər, şərəfli ad isə Əziz Ana adıdır.
Zərifə xanımın adı Azərbaycan Oftolmologiya elmi tarixində misilsiz xidmətləri ilə yadda qalıb. Bəli, Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında olan peşə fəaliyyəti ilə (özəlliklə kimya və elektron sənayelərində çalışanlarla) bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr etdiyi tədqiqatları ilə elmə ciddi yeniliklər gətirib. Oftalmologiyanın çağdaş problemlərinə dair bir çox sanballı tədqiqatlar ərsəyə gətirən alim, həmçinin “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.
Zərifə Əliyeva yüksək ixtisaslı kadrlar hazırlanmasına böyük əmək sərf edib, eyni zamanda, örnək alim və pedaqoq ömrü ilə yetirmələri üçün bir məktəb olub. Onun elmi-pedaqoji fəaliyyətinin ən önəmli istiqamətlərindən biri məhz gənc alim kadrların yetişdirilməsi idi.
Alimin tədqiqatlarının nəticələri yalnız Azərbaycan və ya keçmiş SSRİ səhiyyəsində deyil, bütövlükdə dünya oftalmologiyasında yeni cığırlar açıb. O, dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirib və onu dünya miqyasında məşhurlaşdırıb.
O, elm tarixində ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib, bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb. Alimin uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsində apardığı geniş miqyaslı elmi-tədqiqat işləri nadir araşdırmalar sırasındadır. Həmin tədqiqatların nəticələri onun “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli monoqrafiyalarında öz əksini tapıb.
Akademik Zərifə Əliyeva elm təşkilatçısı və icnimai xadim kimi də Azərbaycana böyük xidmətlər göstərib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət heyətinin, “Sovet Sülhü Müdafıə Komitəsi”nin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Vestnik oftalmoloqii” jurnalı Redaksiya heyətinin üzvü idi. Yüksək elmi uğurlarına görə keçmiş SSRİ-nin Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Zərifə xanım Əliyevanın zəngin mənəvi aləmi, özünəxas fəlsəfəsi, həyata müdrik münasibəti, geniş dünyagörüşü vardı. Fitri istedada malik yenilikçi alim, onun işığına toplaşanları yalnız elmi, biliyi ilə deyil, aydın xarakter cizgiləri ilə də heyran edirdi. Yetirdiyi alim kadrlar Zərifə xanımdan təkcə tədqiqat metodlarını öyrənməklə qalmır, həm də bir kübarlıq məktəbi keçirdilər. Pak mənəviyyatlı, bütün ruhu ilə öz işini sevən, ailəsinə bağlı, böyük ürəyi vətən sevgisiylə döyünən Zərifə Əliyevanın mənalı ömrü, keçdiyi şərəfli həyat yolu Azərbaycan xanımları, hər bir alim və həkim üçün örnəkdir.
Qədirbilən xalqımız və dövlətimiz Zərifə xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndir, onun irsinə, xatirəsinə qədirşünaslıqla yanaşır. Qonağı olduğumuz litesydə bu qədirşünaslığın bir örnəyi, təsdiqidir.
Zərifə xanım “Həkim insanlara Günəş qədər lazımdır” deyirdi. Özü də Günəş kimi istisini, işığını səxavətlə ətrafa yayır, insanları qəlbinin nuruna qərq edirdi. O nur bu gün də Zərifə Əliyevanın yaratdığı ofalmologiya məktəbinin yetirmələrinin yolunu aydınladır, onları parlaq sabahlara səsləyir. Ruhu şad olsun”!
Görkəmli ictimai və elm xadiminin yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə Q.Paşayevanın müəllifi olduğu, müstəqil Azərbaycan Respubikasında dövlət qadın siyasətinin əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin və onun vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibəti ilə gün üzü görmüş “Adını tarixə yazan Azərbaycan qadınları” kitabı da təqdim olunub, kitabın məziyyətlərindən danışılıb.
Tədbir və təqdimatda Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulla, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT- Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı Şəmsəddin Kuzəçi, Qazaxıstanın tanınmış şair-tərcüməçisi, “ABAY Tv”-nin əməkdaşı Tanagöz Tolkınqızı, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, təşkilatçı qurumlardan “UNİTY-Company”in rəhbəri Fikrət Əliyev, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, RHİMİB sədri Arzu Bağırova və b. çıxış edərək, Zərifə xanımın nəsillərə örnək ömründən danışıblar.
Liseyin şagirdləri türk xalqlarının rəqslərindən ibarət kompoziyası tədbirə xüsusi rəng qatıb.
Sonda Q.Paşayeva yenicə gün üzü görmüş “Adını tarixə yazan Azərbaycan qadınları” kitabını müəllimlər, şagirdlər, Türk dünyasından təşrif buyurmuş aydınlar və digər tədbir iştirakçıları, habelə təhsil ocağının kitabxanası üçün imzalayıb.
Arzu edənlər izləyə bilərlər: https://bit.ly/3MH3573