25.01.2018 tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin yüzüncü ildönümü münasibətilə liseyimizdə tədbir keçirildi. Dövlət himnimiz oxunduqdan sonra tədbiri giriş sözü ilə açan məktəbimizin tarix müəllimi Pərviz Ağalarov AXC dönəmi ilə bağlı məlumat verdi, müstəqilliyimizin necə əldə edilməsi barədə danışdı. P. Ağalarov bugünkü dövlətimizin mövcudluğunun AXC sayəsində olduğunu bildirdi: “Azərbaycan Rusiyanın tərkibinə xanlıqlar kimi daxil olmuşdu. Əgər Azərbaycan Xalq Cümhuriyyəti qurulmasaydı, ölkəmiz heç bir zaman müstəqil olmayacaqdı”. Sonra şagirdlərimiz tərəfindən AXC-nin İstiqlal Bəyannaməsi oxundu, Azərbaycan bayrağına həsr edilmiş şeirlər səsləndirildi. Məktəbimizin qonağı, yazıçı-publisist, kolleksiyaçı Dilqəm Əhməd AXC ilə bağlı şəxsi arxivində olan nadir materialları sərgilədi. Dilqəm bəy bu materialları Türkiyədə əldə etdiyini bildirdi: “Bəzi materialları biz qədim kitablar, sənədlər satan müxtəlif şəxslərdən, bəzilərini isə AXC-ni quranların övladlarından, nəvə-nəticələrindən əldə etmişik. Yığdığımız materiallar əsasında iki kitab hazırlamışıq”. Sonda şagirdlərimiz qonağa suallar ünvanladı, nadir materiallarla yaxından tanış oldular.