Ey Vətənimin əsir övladı Xocalı, biz nikbin addımlarla sənə doğru yaxınlaşırıq. Ümidimiz bir gün səni azad edərək sənə qovuşmaqdır. 25 fevral 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə "Xocalı faciəsini unutmayaq" başlıqlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə liseyin direktoru Mehriban Vəliyeva açdı və gələn qonaqları salamladı.
Daha sonra liseyin müəllim-şagird heyətinin hazırladığı tamaşa nümayiş etdirildi. Rejissor və aktyor Bəhruz Vaqifoğlunun Məmməd Arazın "Məndən ötdü, sənə dəydi" əsəri əsasında hazırladığı səhnə əsəri, liseyin İnformasiya resurs mərkəzinin rəhbəri İradə Hacızadə, liseyin müdir müavini Həcər İsrafilova və Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bağırovanın ssenarisi əsasında hazırlanan "Vətən torpağı" tamaşası iştirakçılara Vətən sevgisinin necə gözəl nemət olduğunu bir daha aşıladı.
Daha sonra Azərbaycan əsgərinə müraciət səsləndirildi: "Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər! Göydən əcdadın enib o pak alnını öpsə, inan ki, buna dəyər. Necə böyüksən ki, qanın bu Vətəni xilas edir. Sahibsiz olan bir Vətənin batması haqdır. Sən sahib olsan bu Vətən batmayacaqdır".
Tədbirin sonunda qonaqlar və iştirakçılar Akademik Zərifə Əliyeva adına liseyin rəhbərliyinin şəxsi təşəbbüsü, eyni zamanda maddi-mənəvi dəstəyi ilə əmələ gəlmiş, lisey şagirdləri ilə müğənni Azərinin ifasında olan "Qarabağ" klipinə tamaşa etdilər.
Daha sonra söz qonaqlara verildi. Onlar Xocalı haqqında xatirələrini söyləyib, məruzələrini etdilər.
Son olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.