"Şəhər və kənd məktəbləri arasında əməkdaşlıq və inteqrasiya" qrant layihəsi

15 Noyabr 2018

 Noyabr ayının 13-15i ərəfəsində Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə "Şəhər və kənd məktəbləri arasında əməkdaşlıq və inteqrasiya" qrant layihəsi baş tutmuşdur. Layihə çərçivəsində Quba rayon II Nügədi kənd orta məktəbinin 11 şagirdinin Bakıda, Akademik Zərifə Əliyeva adına liseydə geniş proqrama uyğun müxtəlif fəaliyyətləri təşkil edilib. Şagirdlər ingilis dili, Azərbaycan dili, riyaziyyat, fizika, kimya, bədən tərbiyəsi, gənclərin çağırışaqədərki hərbi hazırlığı və s kimi fənn dərslərində iştirak etmiş, rəsm və robototexnika dərnəklərinə qatılmışdır.

  Bunlardan əlavə, Zərifə Əliyeva adına liseyin şagirdləri ilə birgə müxtəlif mədəni-maarifləndirici tədbirlərdə dərsdən əlavə vaxtlarını səmərəli keçiriblər. Şagirdlər Bakının görməli yerlərində gəzintiyə çıxıb, Azərbaycan Milli Tarix muzeyində info-tura qatılıb, Azərbaycan Akademik Dram teatrında "Ölülər" tamaşasına baxıb, xalq yazıçısı Çingiz Abdullayevlə görüşə qatılıblar.

  Layihə əsasən iştirakçılarda elmə və biliyə həvəsi artırmaq, vaxtlarını səmərəli keçirmələrinə kömək etmək məqsədilə təşkil edilmişdir və bu məqsədə nail olundu. İştirak edən bütün şagirdlərə uğurlar arzu edirik.