Multikulturalizm humanist və demokratik nəzəriyyə olaraq tolerantlığın təcəssümüdür. İnsanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mütləqdir.
Mədəni mübadilə və qarşılıqlı zənginləşmə xalqların sosial-mədəni inkişaf təcrübəsini dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə hər bir ölkə üçün əhəmiyyət kəsb edir.
Multikulturalizmin əsas şərti mədəniyyətlərarası və sivilizasiyaların dialoqudur. Digər mədəniyyətlərin mahiyyətini xüsusiyyətlərini tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq mümkün deyil. Bu çox mürəkkəb kulturoloji vəzifədir.
31 may 2017-ci il tarixində yalnız bir məqsəd uğrunda - kamilliyə yetmək uğrunda aparılan ədalətli mübarizə meydanında kitab, qələm, dəftərlə silahlanaraq döyüşən müdriklik ocağı Akademik Zərifə Əliyeva adına liseydə "Qloballaşan dünyaya multikultural mədəniyyətlə" və ya "Dünyanı tanıyaq" layihəsinin yekun mərhələsinə həsr olunmuş möhtəşəm festival keçirildi. Festivalda təhsil qurumlarının və səfirliklərin rəsmi nümayəndələri iştirak edirdilər.
Akademik Zərifə Əliyeva adına liseydə 2016-2017-ci tədris ilinin əvvəlindən "Dünyanı tanıyaq" layihəsinə start verilmişdir.Liseyin 9-cu sinif şagirdləri püşkatma üsulu ilə bir ölkəni seçərək bir il ərzində ölkənin ədəbiyyatını, mədəniyyətini, tarixini, coğrafiyasını, görkəmli şəxsiyyətlərini, elmi nailiyyətlərini tədqiq etmişdirlər. Tədqiq olunan ölkələr sırasında Misir, Türkiyə, Yaponiya,İngiltərə, Fransa, Amerika Birləşmiş Ştatları. Almaniya, Rusiya var idi. Festivalda eyni zamanda Akademik Zərifə Əliyeva adına liseyin "Kitab kafesi" layihəsi də qonaqlara nümayiş etdirildi.
Layihənin əsas məqsədi şagirdlərimizdə multikultural dəyərləri, digər mədəniyyətlərə və onların nümayəndələrinə hörmət etməyi, qarşılıqlı anlaşılmanı formalaşdırmaq və digər xalqların Azərbaycan mədəniyyəti ilə oxşar və fərqli cəhətlərini öyrətməkdən ibarət idi.
İlk öncə qonaqları liseyin direktoru, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə elmləri doktoru Mehriban Vəliyeva salamladıqdan sonra "Sabahın alimləri" müsabiqəsində qalib gələn layihələrdən ibarət sərgiyə, daha sonra "Kitab kafesi"nə və hər ölkəni təmsil edən stendlərə baxış keçirildi. Sonda isə hər ölkəyə məxsus rəqslər və səhnəciklər nümayiş edildi.
Mərasim bir-birindən maraqlı təqdimatlar, rəngli görüntülər, xoş xatirələrlə yaddaşlara əbədi həkk olundu.