28 fevral 2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə 44 günlük II Qarabağ müharibəsində qazanılan zəfərə və zəfərdənsonrakı dövrdə müzəffər prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərinə, yenidənqurma və qayıdış proqramının həyata keçirilməsi sahəsində görülən işlərə həsr olunmuş kitabların təqdimatı keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin, Yasamal Rayonu İcra Hakimiyyətinin, “Şərq-Qərb” Nəşriyyatının və “Asan Xidmət” in nümayəndələrinin iştirak etdiyi bu tədbirdə “Böyük qayıdış” və “ Bizim böyük qələbəmiz” kitablarında əksini tapan fəaliyyətin tam mənzərəsi diqqətə çatdırıldı. Prezidentin azad olunmuş bölgələrə səfərləri konseptual baxımdan yeni həyata keçirilən tədbirlərin və əsas müddəaların bir araya gətirilməsi ilə nəzərdən keçirildi.
Növbəti təqdimat isə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovanın rəhbərliyi ilə hazırlanmış 10 a3 sinfinin “Şanlı zəfərimiz” layihəsinin tərkib hissəsinə daxil olan “Zəfər tarixi” kitabına həsr edildi. Özündə II Qarabağ müharibəsinin hər gününə həsr olunan xronikanı, şagirdlərin bu istiqamətdə yaratdıqları videoçarxların “QR-code”-larını, işğaldan azad olunmuş ərazilərin interaktiv xəritələrini əks etdirən bu kitabdan başqa, yeni- bədii yaradıcılıq toplusunun da hazırlanmaq üzrə olduğu qeyd edildi.
Sonda tədbir iştirakçıları təqdimat haqqında öz fikirlərini söylədilər. Qonaqlar şagirdlərin çıxışlarını yüksək qiymətləndirərək onların Azərbaycanın inkişafina gələcəkdə daha böyük töhfələr verəcəklərinə əmin olduqlarını qeyd etdilər.