1 may 2018-ci il tarixində Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş görkəmli şəxsiyyətin adını daşıyan liseyin yaranmasının 10 illik yubiley tədbiri keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Millət vəkilləri, Universitet rektorları, eyni zamanda Azərbaycan Respublikasının bir sıra görkəmli ictimai-siyasi, elm xadimləri iştirak edirdilər.
Tədbirdə liseyin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva liseyin yaranmasının 10 illiyinə həsr olunmuş hesabat xarakterli çıxış etdi.
Görkəmli alim Zərifə xanım Əliyevanın adını daşıyan liseyi hər bir üzvü üçün onun həyat yolu bir məktəbdir. Bu gün liseyimizin yaranmasından 10 il keçir. Liseyin daşıdığı ada və anda sədaqətlə 10 ildir ki, yol gəlirik. Bu ilə qədər liseyi 1237 məzun bitirmişdir. Onların bir çoxu 600-dən yuxarı bal toplamış, orta statistik bal 500-dən yuxarı olmuşdur. 2017-ci il qəbul imtahanlarında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olmuşdur. Şagirdlərimizin bir qismi istər ölkədaxili, istərsə də ölkəxarici olimpiadalarda, müsabiqələrdə, konfranslarda çoxlu sayda medal və diplomlara layiq görülmüşdür. Biz liseyimizin məzunları sayəsində dünyaya da qapı açmışıq. Hal-hazırda liseyin məzunları sırasında dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirənlərin sayı da az deyil. Əlbəttə, bütün bu nailiyyətlərin arxasında həm peşəkar, həm də fədakar müəllim əməyi durur. Biz bilirik ki, göstərdiyimiz xidmətin bəhrəsini gələcək nəsillər də görəcəklər.
Daha sonra liseyin fəaliyyətində xidməti olan, hal-hazırda isə təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda liseydən təqaüdə gedən müəllimlər xatirə hədiyyələrlə təbrik edildilər. Liseyin formalaşmasında rolu olan müəllimlər adından çıxış üçün söz Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri, liseyin formalaşmasında əvəzsiz xidmət göstərən, əməkdar müəllim, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyevaya verildi. Çıxışdan sonra liseyin 10 illiyinə həsr olunmuş tanıtım çarxı nümayiş etdirildi. Mərasimdə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Yasamal Rayon İcra başçısı Əziz Əzizov çıxış edərək liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirdilər və təhsil aləminə verdiyi töhfələrdən danışdılar. Tədbirdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən kollektivin 27 müəllimi fəxri fərman və təşəkkürnamələrlə təltif olundu.
Rəsmi hissədən sonra liseyin teatr dərnəyinin rəhbəri, Əməkdar aktyor Bəhruz Vaqifoğlunun liseyin şagirdləri ilə birgə hazırladıqları lisey həyatını əks etdirən ədəbi-bədii hissə nümayiş etdirildi. Ədəbi-bədii hissədə liseyin sosial həyatı, dünya, elm, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş etdirildi. Tədbirdə qonaqlara liseyin 10 illik fəaliyyətini həsr olunmuş "Gələcəyə açılan qapı" adlı jurnal da təqdim olundu. Son olaraq tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşdı.