Məktəb elə bir yerdir ki, orada insan düşüncəsi formalaşır. Əgər gələcəyi əlimizdən buraxmaq istəmiriksə, bu yerdən iki əllə yapışmalıyıq. Unutmamalıyıq ki, Məktəb təhsilin sonu və ya həyata hazırlıq deyil. Məktəb təhsilin başlanğıcı və həyatın özüdür.
Bu müqəddəs məkanın qəlbi müəllimdir. Müəllim insanın oxuduğu ən gözəl kitabdır. Onlar hər şeyi görməsələr belə, qəlbləri ilə duyarlar. Onlar bizim təkcə elm öyrədən müəllimlərimiz deyil, həm də ağıl və həyat müəllimimizdirlər.
14 iyun "Son zəng" günüdür.O zəng ki 11 illik məktəb həyatına nə qədər zəngi sığışdırdı. O zəng ki şagirdləri doğma biri kimi liseyə səslədi və bu gün də doğma biri kimi yola salmaq üçün son dəfə “Vida zəngi” çalacaq. 14 iyun 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə ənənəvi “Son zəng” tədbiri keçirildi. Rəsmi hissəni liseyin direktoru, Əməkdar müəllim, Filologiya üzrə fəlsəfə elmləri doktoru Mehriban Vəliyeva açıq elan etdikdən sonra 11-cilər hazırladıqları rəqs və musiqi nömrələri ilə çıxış etdilər. Ənənəvi kubok təqdimetmə mərasimi keçirildikdən və lisey şagirdləri onların üzərində əvəzsiz əməyi olan müəllimlərindən halallıq istədikdən sonra Son zəng çalındı. Son olaraq Akademik Zərifə Əliyeva adına lisey ailəsi olaraq məzunlarımıza demək istərdik:
Əziz şagirdlərimiz!
Ayrılıq... Bəlkə də, ilk dəfə bu hissin bu qədər ağrısını duyursunuz. Çətindir. Anlayırıq. Sevincli, kədərli günləriniz, hirsli anlarınız, ürəkdən güldüyünüz dəqiqələr, qısası, uzun ömrün 3 illik xatirəsini əbədi yaşayacağınız qəlb bağlılığınız oldu. Bu gün isə ayrılırsınız. Bu ki əbədi ayrılıq deyil. Bu son çox gözəl və işıqlı sabahın carçısıdır.
Sizə ilk məsləhətimiz budur ki, həyatınızda tək bir doğru olmasın. Doğrularınızın sayı çox olsun, ancaq səhvlərinizi bilin və bağışlamağı da bacarın. Ən böyük ANDın adının İnsanlıq olduğunu əsla unutmayın.
İnsanlıq yolunda qazanacaqsınız da, itirəcəksiniz də, uğursuzluqlarınız da olacaq. Əsla təkrar-təkrar sınamaqdan qorxmayın. Unutmayın ki, uğursuzluqlar ən böyük uğur dastanını yazar.
Özünüzü tanıyın. Kimsiniz, nəçisiniz? Həyatdakı yerinizin, məqsədinizin nə olduğunu bilin. Dostlarınız da olsun, sirdaşlarınız da , əmək verdiyiniz kəslər də olsun. Unutmayın ki, paylaşdıqca dərdləriniz azalar, sevincləriniz çoxalar.
Oxumaq ən böyük zənginlikdir. Siz qismən də olsa, bu zənginliyə artıq sahibsiniz. Ağlınızla dinləyin, vicdanınızla duyun və qəlbinizlə sevin. Özünüzü başdan yaradın. Təbii olun... Özünüz olun. Gülüşünüz də, sevinciniz də bol olsun həyatınızda.
Ata, ana və müəllimlərinizin-bir sözlə,böyüklərinizin sözünü dinləyin və onlara güvənin, amma əgər bir gün çarəsiz qalsanız, bir qurtarıcı gözləməyin. Xilaskar özünüz olun.
Hər birinizin həyatımızda ayrı yeri oldu. Gülən üzləriniz, siniflərdəki və məktəbin hər yerindəki varlığınız və ürəyimizi isidən isti sevginizlə sizi əsla unutmayacağıq.
Biz müəllimlər Sizi bu yerə gətirməkdə bir damla su və ya bir günəş ola bildiksə, özümüzü çox xoşbəxt hiss edərik.
Uşaq qəlbinizin saflığını itirməyin. Sizin layiq olduğunuz gözəl və xeyirli ömür qismətiniz olsun. Bilirsiniz, biz də sizdən çox şey öyrəndik. Həyatımızda olduğunuz üçün Biz Sizə təşəkkür edirik.
Sizi bu gün bir qığılcım kimi göndərərkən bir gün alov kimi dönəcəyinizə inanırıq. Görüşənədək, əziz şagirdlərimiz...