Tədbirin əsas məqsədi ana dilimizin gözəlliyini, zənginliyini və milli kimliyimizdəki əvəzsiz rolunu şagirdlərə bir daha aşılamaq idi.
Tədbir boyu şagirdlər tərəfindən ana dilinə həsr olunmuş şeirlər səsləndirildi, milli rəqslər nümayiş etdirildi.Tədbirdə səslənən saz musiqisinin sədaları zalda xüsusi ruh yüksəkliyi yaratdı.
Proqramın ən yaddaqalan hissələrindən biri Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən bir parçanın səhnələşdirilməsi oldu. Şagirdlərin məharətlə təqdim etdikləri səhnəcik ana dilinin milli şüur və mənəvi dəyərlərimizin qorunmasındakı rolunu dərin məna ilə tamaşaçılara çatdırdı.
Tədbir iştirakçıları bir daha dərk etdilər ki, ana dili xalqın varlığı, kimliyi və mənəvi sərvətidir. Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə, ana dilinə sevgi və hörmət hissinin daha da artırılmasına xidmət edir.
Bundan əlavə şagirdlərin bilik səviyyəsini dəyərləndirmək məqsədilə tədbir çərçivəsində iştirakçılar arasında maraqlı bilik yarışı da keçirildi. Yarış zamanı şagirdlər Azərbaycan dilinin qrammatikasına aid sualları böyük həvəslə cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər müəyyən olunaraq diplom və təşəkkürnamələrlə təltif edildilər.
Tədbirin sonunda liseyin direktoru F.İsayeva çıxış edərək tədbirin təşkilinə görə iştirakçılarına, müəllimlərə və təşkilatçılara səmimi təşəkkürünü bildirdi, ana dilimizin qorunmasının və gələcək nəsillərə sevgi ilə aşılanmasının vacibliyini xüsusi vurğuladı.





