Liseyimizdə "Sən də yazıçı ola bilərsən" müsabiqəsi keçirildi

27 Noyabr 2017

Qələm ağılın dilidir

Horatsi

  Kitab eşqi qəlbində yaşadan, bətnində daşıyan bir Ana rəmzidir. Hər səhifəsində min məna yatar. İnsana dost, sirdaş olar. Həyat adlı oyundakı qəhrəmanlara, yəni bizlərə çətin sınaqlardan keçməyə, vicdanımızı oyatmağa, mənliyimizi formalaşdırmağa, qısası, İnsanlıq adına layiq biri olmağa kömək edər. Əslində Həyat oxumasını bilən üçün bir kitab, Kitab isə elə həyat özü olar. 

  27 noyabr 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə “Sən də yazıçı ola bilərsən” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. İnformasiya-resurs mərkəzinin rəhbəri İradə Hacızadə, liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günel tərəfindən təşkil edilən layihənin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini mütaliəyə yönəltmək və yaradıcı düşünmə qabiliyyətlərini üzə çıxartmaqdan ibarət idi. 

  9A1, 9A2, 9A4 sinif şagirdlərinin iştirak etdiyi bu layihədə nağıl, detektiv, fantastika janrları üzrə əsər yazmaq tələb olunurdu. Nəticədə bir-birindən maraqlı, yaradıcı, fəlsəfi, məntiqi düşüncəni özündə əks etdirən əsərlərin meydana çıxması qürurverici hal idi. Onu da qeyd edək ki, fikir yazıya alınanada güc qazanar. Həm də yazı yazmağı öyrənmək hər şeydən öncə düşünməyi, həyatı incələməyi öyrənmək deməkdir. 

  Akademik Zərifə Əliyeva adına liseyin direktoru, f.e.d., əməkdar müəllim Mehriban Vəliyeva layihə qaliblərini təbrik etdikdən sonra kitab oxuyan, bədii düşüncəsi formalaşan, əsər yazmağa meyilli gəncliyin yetişməsinin cəmiyyətimiz üçün nə qədər faydalı olmasından söz açdı və layihə rəhbərləri ilə birlikdə “Sən də yazıçı ola bilərsən” layihəsinin qaliblərini diplom və bir-birindən dəyərli bədii kitablardan ibarət hədiyyələrlə mükafatlandırdı. 

  Sonda isə “Sən də yazıçı ola bilərsən” layihəsi çərçivəsində 6 sözdən ibarət ən kiçik hekayə müsabiqəsinə start verildi.