Akademik Zərifə Əliyeva adına lisey ilin ən yaxşı ümümtəhsil məktəbi seçildi

18 Dekabr 2014

    Akademik Zərifə Əliyeva adına lisey 28 aprel 2008-ci ildə möhtərəm cənab prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş, həmin ilin 15 sentyabrından Məhəbbət xanım Vəliyevanın rəhbərliyi ilə fəaliyyətə başlamışdır. 9-11-ci sinifləri əhatə edən liseydə siniflər təmayüllər üzrə komplektləşdirilmişdir.     Məqsədimiz hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməklə yanaşı, özündə milli-mənəvi və ümumbəşəri dəyərləri daşıyan, müasir dünyaya açıq,  hərtərəfli inkişaf etmiş şəxsiyyət tərbiyə etməkdir.

     Fəaliyyətimizin 7-ci ili  olmasına baxmayaraq, əldə etdiyimiz nailiyyətlərə görə liseyimiz  seçilən təhsil müəssisələrindəndir. Bunu aparılan təhlillər və əldə olunan nəticələr əks etdirir.  2013-14-cü tədris ilində 9-cu sinfi 201, 11-ci sinfi 188 şagird bitirmiş, buraxılış imtahanlarının göstəricisi TQDK statistik məlumatı əsasında 100% olmuşdur. Məzunların 167 nəfəri yerli ali məktəblərə, 22 nəfəri isə xarici universitetlərə qəbul olmuşdur. 114 şagird 500-dən yuxarı bal toplamışdır. Qəbul olanların orta balı  521-dir. TQDK-nın rəsmi məlumatına görə şagirdləri 600-dən yuxarı bal toplayan müəssisələr arasında liseyimiz 54 şagirdlə Respublika üzrə 
2-ci yerə çıxmışdır.

     Liseyimizdə təlimin təşkili, qiymətləndirmə prosesi, yeni metod və üsullardan istifadə, şagirdlərin sosial fəaliyyətə cəlb olunması mexanizmi kurikulum çərçivəsində həyata keçirilir və təhsilin təmayüllər üzrə təşkili təhsilin nəticəyönümlülüyünü təmin edir. Layihələrlə iş, istər məktəbdaxili, istərsə də beynəlxalq səviyyədə keçirilən müsabiqələrdə şagirdlərin iştirakı bunu bir daha sübut edir.

     Şagirdlərimiz “İNEPO-Avrasiya” ətraf mühitin mühafizəsi, “İNTEL-İSEF” elm və mühəndislik sərgisi kimi beynəlxalq olimpiadalarda iştirak etmişlər. “Sabahın alimləri” respublika müsabiqəsində 2 il ardıcıl qızıl medala layiq görülmüş şagirdlərimiz 2013-2014-cü ildə gümüş və bürünc medallarla təltif olunmuşlar. “Eco-Rəsm gündəliyi-2013” beynəlxalq müsabiqəsində finalçı olmuş, 2014-cü ildə Koreyada Asia ölkələri arasında innovativ texnologiyalar müsabiqəsində iki şagirdimiz birinci dərəcəli diplomla təltif olunmuşlar. 2013-2014-cü tədris ilində Respublika olimpiadasında kimya-biologiya üzrə II yer, Qafqaz universiteninin "Bilik yarışı"nda I yer qazanılmışdır.

     Liseyin müəllim kontingenti 47 nəfərdən ibarətdir. Onlardan 3 nəfəri əməkdar müəllim, 4-ü fəlsəfə doktoru, 2 dissertant və 2 müdafiə ərəfəsində olan müəlimdir. Müxtəlif illərdə 9 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Onların arasında 5 nəfər dərslik müəllifi, 5 nəfər TQDK-nın rəsmi ekspertidir. Müəllimlərin akademik bacarığı, peşəkarlıq səviyyəsi, tədris təcrübəsi yüksək nəticələr əldə etməyə şərait yaradır.

    2014-cü ilin iyun ayında keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Təhsil Nazirliyinə tabe olan lisey, gimnaziyalar arasında ən yüksək nəticə əldə edilmişdir. 
    2008-ci ildən başlayaraq müəllimlərimizin Beynəlxalq səviyyədə başqa ölkələrlə əməkdaşlığını xüsusi qeyd etmək istərdik. Buna ABŞ-da “Anlaşma körpüsü” adı altında keçirilən layihəni, 2010-cu ildə ECO-turnir çərçivəsində Gürcüstan məktəbləri ilə əməkdaşlığı, 2013-cü ildə “E-twining” layihəsi çərçivəsində bir qrup müəllim və şagirdlərin Polşaya, Litvaya səfərini, Qatarda, Kanadada, Türkiyədə təşkil olunmuş 
İEARN konfransındakı uğurlarını, 2014-cü il “İngilis dili-yay məktəbi” adı ilə Almaniyada iştiraklarını misal gətirmək olar. Bu istiqamətdə layihələrimiz davam edir. Bir qrup müəllim və şagirdlərimizin mart ayında İtaliyada keçiriləcək “Change the world” layihəsində, aprel ayında isə İstanbulda növbəti  layihə çərçivəsində iştirakı nəzərdə tutulur.  Bu layihələr həm şagirdlərin, həm də müəllimlərin sosiallaşması istiqamərində çox böyük rol oynayır. Gələcəkdə liseydə Beynəlxalq baza yaratmaq arzusundayıq. Baza çərçivəsində əməkdaşlığı genişləndirmək, xaricdə təhsillə bağlı məlumatlandırma bazası yaratmaq, xarici universitetlərə qəbulun sənədləşmə prosesini həyata keçirtmək istəyirik.

     Liseyimiz “elektron-məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərir. Elektron jurnal və sms xidmətindən istifadə olunur. Bu informasiya mübadiləsinə effektiv şərait yaradır.  Liseyə qəbul elektron ərizə vasitəsilə aparılır. Bu qəbulda şəffaflığı və operativliyi təmin edir. 2013-cü ildə “Milli-Net” müsabiqəsində elm və təhsil nominasiyası üzrə liseyin web-saytı II yerə layiq görülmüşdür.

     Yarandığı gündən Təhsil Nazirliyinin xüsusi diqqətində olan liseyimiz müasir texnologiya ilə zəngin təchiz olunmuşdur. Bu da təhsilin keyfiyyətinin müasir tələblərə uyğun inkişafına şərait yaradır.  2014-cü ildə Koreya-Azərbaycan İKT əsaslı innovativ tədris layihəsi çərçivəsində liseyimizdə İKT əsaslı innovativ tədris otağı yaradılmışdır. Nəticədə yalnız informatika dərsləri deyil, digər fənlərin tədrisi də İKT-dən geniş istifadə etməklə təşkil edilir. Qeyd edək ki, bu gün liseydə şagird kompyuternisbəti 3:1-dir. 
      Liseyimizdə informasiya resursları mərkəzi şagirdlərin geniş mütaliəsini təmin etmək üçün silsilə tədbirlər həyata keçirir. “Ən yaxşı oxucu” müsabiqəsinin həyata keçirilməsi, yeni kitabların təbliği, müxtəlif qonaqlarla görüşlərin təşkili də bu istiqamətdə aparılan işlərdəndir.

     Liseydə təqvim günləri ilə bağlı müxtəlif  tədbirlər təşkil edilir. Ötən tədris ilində liseyin təşəbbüsü və təşkilati dəstəyi ilə sözləri millət vəkili Qənirə Paşayevaya, ifası Respublikanın Əməkdar artisti Azərinə məxsus “Qarabağ” mahnısına klip çəkilmişdir. 8 may-Şuşanın işğalı günü liseydə klipin təqdimatı keçirilmiş və geniş ictimaiyyətə təqdim olunmuşdur. Sevindirici haldır ki, klip təkcə yerli televiziya kanallarında deyil, xarici kanallarda da nümayiş etdirilmiş və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Hər il Zərifə Əliyevanın anım günü münasibətilə xeyriyyəçilik aksiyaları keçirilir. Ötən il həmin aksiyalar nəticəsində toplanan vəsaitlə “Uşaqların xoşbəxt gələcəyi” ictimai təşkilatının köməyilə bir uşağa ürək əməliyyatı üçün yardım edilmişdir. Düşünürük ki, belə tədbirlər şagirdlərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində böyük rol oynayır.

    Liseydə şagirdlərin sağlamlığı və fiziki hazırlığı daim diqqət mərkəzindədir. 2013-2014-cü illərdə Yasamal rayonunda keçirilən 28-ci spartakiadada 7 müxtəlif idman növü üzrə liseyimiz   I yeri qazanmışdır.

    Sevindirici haldır ki, bu il liseyimiz Prezidentin fərmanı ilə “Ən yaxşı Ümumtəhsil məktəbi ” müsabiqəsinin qalibi olmuşdur.

 

        Bu münasibətlə müəllim və şagird kollektivini ürəkdən təbrik edirik.