Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında təşkil olunmuş idman yarışlarının qalibləri mükafatlandırılıb

29 Aprel 2026

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli Ulu Öndər Heydər Əliyevin gənclərin fiziki və mənəvi inkişafına göstərdiyi diqqəti vurğulayaraq bu cür idman tədbirlərinin sağlam həyat tərzinin təşviqi, dostluq münasibətlərinin inkişafı və kollektiv həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Basketbol, voleybol, tennis, şahmat və dama idman növləri üzrə keçirilən yarışlar gərgin mübarizə və yüksək maraq şəraitində baş tutub. Yekunda fərdi və komanda hesabında I, II və III yerləri qazanan qaliblər diplom və xatirə mükafatları ilə təltif olunublar.

Akademik Zərifə Əliyeva adına liseyin müəllimlərdən ibarət voleybol komandası Yasamal rayonu üzrə təşkil edilən yarışda II yerə layiq görülmüşdür.

Bu münasibətlə komanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən Fəxri Fərman və kubokla təltif olunmuşdur.

Komandamızı ürəkdən təbrik edir, gələcək yarışlarda da böyük uğurlar arzulayırıq.