Akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü münasibətilə liseydə xeyriyyə ənənələrinə sadiq qalaraq növbəti xeyriyyə aksiyası təşkil olunmuşdur. “Zərifə xanımın izi ilə – Şəfa verən mərhəmət” adlı aksiya T-hüceyrəli kəskin limfoblast leykoz diaqnozu ilə mübarizə aparan 6 yaşlı Seyidli Mustafaya mənəvi və maddi dəstək göstərmək məqsədi daşıyırdı.
Tədbirdə BŞTİ-nin sektor müdiri Günay Qurbanova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin əməkdaşı Teymur Şirinov, BANM -ın Ümumi işlər üzrə prorektoru Babək Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva və təşkilatın məsləhətçisi Ülviyyə Əliyeva iştirak etdilər.
Liseyin direktoru Fərqanə İsayeva çıxışında xeyriyyə aksiyasının yüksək mənəvi əhəmiyyətindən danışaraq, humanizm və mərhəmət dəyərlərinin cəmiyyətimizin əsas sütunlarından biri olduğunu vurğuladı. O, akademik Zərifə Əliyevanın xeyirxahlıq, insanpərvərlik və mərhəmət prinsipləri ilə zəngin həyat yolunun bu gün də gənc nəslə örnək olduğunu və onların mənəvi tərbiyəsində mühüm rol oynadığını qeyd etdi.
Aksiyada liseyin müəllim və şagird kollektivi ilə yanaşı, əvvəlki illərin məzunları və valideynlər də böyük həvəslə iştirak etmiş, həmrəylik və birlik nümunəsi nümayiş etdirmişlər. Aksiya çərçivəsində toplanan vəsaitin hamısı Seyidli Mustafanın müalicəsinə yönləndiriləcəkdir. Bu nəcib təşəbbüs bir daha sübut etdi ki, mərhəmət və qayğı insanların qəlbini birləşdirən ən böyük dəyərdir.
Zərifə xanımın izi ilə – Şəfa verən mərhəmət
28 Aprel 2026


















