Elm nurdur, lakin göz olmasa, nur da yoxdur.
Akademik Zərifə xanım Əliyeva
Sevgiyə açıq olan bir qəlb qədər dünyada dəyərli bir şey yoxdur.
Həzrət Əli deyirdi: " Qəlb təmiz olarsa, dildən gözəl sözlər çıxar".
Təmiz qəlbli insanların dillərindən gözəl sözlər çıxdığı kimi, onların həyata baxışı, təbiəti və insanları sevmələri məhz sevgilərinin dildə deyil, eyni zamanda ürəkdən və qəlbdən gələn sevgi olduğunun bariz nümunəsidir.
Həyatda işıq yaratmağın iki yolu vardır. Ya bu yolda çıraq olmaq, ya da işığı əks etdirən ayna olmaq. O məhz işığın aynada əks olunması üçün gecəsini gündüzə qatan yanar çıraq idi. Yaradan yaratdığı nuru itirmiş insanlara yardım üçün məhz onu göndərmişdi. O, Allah qatındakı seçilmişlərdən idi.
Bu gün işıqlı xatirəsini daima yad etdiyimiz xeyirxah insan fədakar alim, gözəl ana, qayğıkeş ömür yoldaşı, bu gün də bir çox insanların qaranlığını öz nuru ilə işıqlandırmaqda davam edən mürəkkəbliklər içərisində öz sadəliyini qoruyan, əvəzedilməz şəxsiyyət olan akademik Zərifə xanım Əliyevanın 93 yaşı tamam olur.Belə bir deyim var: " Yüksəkliyi sevgi olan dağın zirvəsi Yaxşılıqdır". Onun kitabında sevmək feilindən sonra gələn ifadə yardım etmək idi. O, insanlığın xilası üçün göndərilmişdi. İnsanın daxilindəki yaxşılıq günəşdir, günəş nurdur, bu nuru həyatda əks etdirən ayna isə məhz gözlərdir. Bu aynanın qüsursuz göstərməsinin təminatçısı isə parlaq xatirəsini daima yad edəceyimiz xeyirxahlığı həyat tərzinə çevirən akademik Zərifə xanım Əliyevadır. Xeyirxahlıq bir müdriklik ağacına bənzəyər. Əgər biz müəllimlər şagirdlərimizin qəlbində uşaqlıqdan bu ağacı əksək və onlara bu agacı daima xeyirxahlıqla sulamağı öyrətsək, bu ağac zaman gələr qol-budaq atar və onun kölgəsində neçə-neçə insanlar mənəvi rahatliğa qovuşarlar. Bu gün bu müdriklik ağacının adı Akademik Zərifə Əliyeva adına lisey, onun kölgəsində mənəvi rahatlığa qovuşanlar isə bizim kollektivimizdir.
Biz liseyimizin daşıdığı adın məsuliyyətini dərk edir və bütün mənliyimizlə Zərifə xanım Əliyevanın işıqlı xatirəsini əziz tutaraq şagirdlərimizlə bərabər onun imzasına çevrilmiş "Xeyriyyəçi"lik işlərini davam etdiririk.