“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib

30 Aprel 2016

Aprelin 30-da akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək, inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.
Şagirdlərin yazı işləri Təhsil Nazirlyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir. Bu müsabiqə həmçinin, Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4 037 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 93 şagird ölkə mərhələsinə çıxıb. Onlardan 15 nəfəri VIII, 25 nəfəri IX, 26 nəfəri X, 27 nəfəri XI sinif şagirdidir.

Xəbərə keçid linki: http://edu.gov.az/az/page/9/12375