Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı onun adını daşıyan Akademik Zərifə Əliyeva adına liseydə xeyriyyə aksiyası keçirilib.
Zərifə xanım Əliyevanın özü xeyriyyəçi olduğu üçün liseydə hər il onun doğum günündə xeyriyyə tədbirinin keçirilməsi ənənə halını alıb. Ötən müddətdə bu xeyriyyə aksiyalarından toplanan vəsait hesabına bir neçə gəncin cərrahiyyə əməliyyatı keçirilib, digər bir aksiyada əldə edilən vəsait hesabına məktəbin yaxınlığındakı qonşu binaların sakinlərinə pulsuz lazımi dərman paylanılıb və s. Budəfəki aksiya isə şagirdlərin istəyi ilə qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədi daşıyıb. Satış-yarmarkadan toplanan vəsait də ünvana göndəriləcək.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndiirlməsi ilə açılıb. Sonra Türkiyədə zəlzələ zamanı həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca şagirdlərin ifasında Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən mahnılar səsləndirilib.
Tədbirdə çıxış edən Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva bildirdi ki, bu gün nurlu işığına toplaşdığımız, görkəmli oftalmoloq alim, gözəl ana, fədakar, xeyriyyəçi insan Zərifə xanım Əliyevanın 100 yaşı tamam olur:
“Məhz elə bu gündə, 15 il bundan öncə 2008-ci ildə akademik Zərifə Əliyeva adına lisey Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Fəaliyyətə başladığı ilk gündən burada bir sıra ənənələr davam etdirilir. Həmin möhtəşəm ənənələrdən biri də bu gün şahidi olduğunuz, məhz akademikin doğun günü ərəfəsində keçirilən xeyriyyə aksiyasıdır. Xeyriyyəçilik missiyası ümumiyyətlə, şagirdlərimiz arasında geniş təbliğ olunur. İstəyirik ki, bizim şagirdlər məhz bu cür xeyirxah, xeyriyyəçi insanlardan olsunlar. Zərifə Əliyeva da məhz belə insan idi. Bugünkü xeyriyyə aksiyasının məqsədi qardaş Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara, qardaşlarımıza kömək məqsədi daşıyır. Ona görə də biz bu xeyriyyə aksiyasını məktəb kollektivi ilə təşkil etmişik”.
Daha sonra tədbir “Azərbaycan-Türkiyə” adlı bədii kompozisiya ilə davam etdirilib. Kompozisiyada qardaş Türkiyəyə həsr edilən şeirlər oxunub, mahnılar səsləndirilib və rəqslər təqdim edilib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Nurullah Yazıcı adıçəkilən tədbirdə iştirakından məmnun olduğunu bildirib:
“Hörmətli akademik Zərifə Əliyevanın doğum günüdür. Bizim üçün də çox önəmli bir gündür. “Analar nə igidlər doğurmuş” deyiminə uyğun olaraq belə bir anı, zamanı yaşayırıq. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bir liseyin Türkiyədə zəlzələ fəlakəti ilə bağlı nə qədər həssaslığını, Türkiyə sevgisinin, Azərbaycan-Türkiyə qardaşlığının hansı ölçüdə olduğunu gördük. Şəxsən mən tədbirin əvvəlindən başlayaraq çox duyğulandım. Uzun müddətdir, yəni 2018-ci ildən Azərbaycanda yaşayıram. Bəlkə də ilk dəfədir ki, Azərbaycanda bu qədər hisslər yaşadım. Bu baxımdan tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm”.
Tədbirin davamında şagirdlərin ifasında müxtəlif xalqların milli rəqsləri nümayiş etdirilib. Daha sonra tədbirin davamı olaraq, şagirdlər tərəfindən təşkil olunan satış-yarmarkası keçirilib. Tədbir iştirakçıları da həmin satış-yarmarkada iştirak edib və müxtəlif məhsullar alaraq aksiyaya öz dəstəklərini göstəriblər.