"Zamanın idarə olunması" mövzusunda seminar keçirildi
04 Fevral 2016
4 fevral 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə ROADWAY Consulting and Training Center-in qurucusu, peşəkar təlimçi, uğurlu iş adamı Sahil Əzizoğlunun təqdimatında X və XI sinif şagirdləri üçün "Zamanın idarə olunması" mövzusunda seminar keçirildi. Seminarda zamanın idarə olunmasında 3 sütun qanun olan "Hədəf təyin etmə", "Planlama", "Özünü motivəetmə" kimi qanunlar müzakirə olundu. Şəxsi hədəflərin təyin edilməsinin vacibliyi, məqsədə çatmaq üçün doğru hədəf seçib daim çalışmalı olduqlarına dair şagirdlərə məsləhətlər verildi. Sahil Əzizoğlu qeyd etdi ki, vaxtı yaxşı dəyərləndirmənin ən yaxşı yolu işləri sistemləşdirməkdir. Özünüz üçün günlük, həftəlik, aylıq fəaliyyət planları qurun. Tez-tez kiçik planlar qurun. Gündəlik işlərinizi qrafikləşdirərək əsas işinizə daha çox vaxt ayırın. Peşəkar təlimçi həmçinin şagirdlərə günün hansı saatlarında-gündüzlər, yoxsa gecələr məhsuldar olduqlarını müəyyənləşdirməyi və həmin saatlarda daha çox iş görməyin məqsədəuyğun olduğunu dedi. Daha sonra şagirdlərə zamanın idarə olunması ilə bağlı "Sərt və elastik planlama alətləri" izah edildi. Şagirdlərə bu alətlərdən istifadə etməklə görüləcək işləri planlamalarını öyrətmək məqsədilə praktiki çalışmalar təqdim olundu. Şagirdlər həmçinin tapşırıqda kredit mütəxəssisinin gündəlik işini səmərəli planladılar. Digər tapşırıqlarda şagirdlər "Zaman təkəri" vasitəsilə həyatlarındakı balansın qrafikini qurdular. Seminar şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşdı.