Vurulub tərtəmiz alnından uzanaraq yatır,
Bir hilal uğruna,ya Rəbb,necə günəşlər batır.
Məhmət Akif Ərsoy
Qarabağ... Səslənişi ilə belə insan qəlbindəki kamanın sarı siminə toxunan Vətən torpağı...
Nədir Vətən?
- Ananın isti qucağı, dağ vüqarlı babaların hay-harayı, torpağın bizə verdiyi nemət, bərəkətdir Vətən...
Qarabağım, Vətənində qürbətini yaşayan torpağım... Xan Şuşinskinin hər zənguləsinin əks-səda etdiyi, Topxana meşəsindən Cıdır düzünə, Qasım bəy Zakirindən Xan qızı Natəvanına, tarixin ən təhlükəli döyüşlərinə şahidlik etmiş, üzərində Şah İsmayıl Xətayinin ayaq izi qalmış Xudafərin körpüsünə qədər qəlbimizdə əbədi möhürə çevrilmiş Qarabağ...
Şəhriyar ayrılığı "qəmlə yazılmış roman" adlandırırdı. Düz 25 ildir ki, Vətənin qollu-budaqlı ağacı XOCALIMIZ əsir düşüb və biz ondan ayrıyıq. Əgər bir gün bizə sual verilsə ki, Xocalıda nəyiniz qaldı, əminəm ki, hər nə desək az olar. Bizim Xocalıda ÜRƏYİMİZ qaldı.
24 fevral 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə "Xocalıya baxış" adlı tədbir keçirildi. Tədbiri liseyin Tarix müəllimi Aytən Tahirli öz çıxışı ilə açıq elan etdi. Daha sonra liseyin Teatr dərnəyinin bədii rəhbəri Bəhruz Vaqifoğlunun liseyin şagirdləri ilə birgə hazırladığı "Xocalı naminə" başlıqlı kiçik kompozisiya nümayiş etdirildi, digər şagirdlər Vətən haqqında olan musiqi və şeir nümunələri ilə iştirak etdilər. Əsas məqsəd şagirdlərə vətənpərvərlik hissini bir daha aşılamaq, onların qan yaddaşını təzələmək idi.
Tədbirdə qonaqlar sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi nümayəndələri Almaz Əsgərova, Hüseyn Mirzəyev, Bilik Fondunun rəsmi nümayəndəsi Ceyhun Musaoğlu iştirak edirdi. Qonaqların çıxışından sonra liseyin direktoru, Əməkdar müəllim Mehriban Vəliyevaya çıxış edərək dedi:
- Vətən bahar ətirli şəhidimizdir. Vətən ana nəfəsi, ata öyüdüdür. Vətən ruhumuzun qovuşacağı aydın səma, cismimizin uyuyacağı torpaqdır. Şəhidimin əmanət körpəsi, qızlarımızın gəlinliyi, şəhidimin son örtüyü olan bayrağımdır. Vətən Sizsiniz, əziz balalar. Nə qədər ki, Sizlər varsınız, Vətən də var olacaq. Unutmayın ki, Azan dinməz, Şəhidlər ölməz, Vətən bölünməz. Gün gələcək ki, darda qalan Xocalımız da əbədi AZADLIĞINA qovuşacaq.
Sonda qonaqların iştirakı ilə xatirə şəkli çəkdirildi.
Akademik Zərifə Əliyeva adına lisey adından tədbirin təşkilində əməyi keçən liseyin Təşkilati işlər üzrə müdir müavini Həcər İsrafilovaya, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nigar Axundovaya və şagirdlərimizə dərin minnətdarlığımızı bildiririk.