9 Noyabr Bayraq Günü ilə bağlı Akademik Zərifə Əliyeva adına liseydə tədbir keçirildi. Tədbir liseyin direktoru, Əməkdar müəllim Mehriban Vəliyeva açıq elan etdi. Dövlər Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə liseyin tarix müəllimi Pərviz Ağalarov çıxış edərək şagirdlərə günün tarixindən və əhəmiyyətindən danışdı. Daha sonra liseyin direktoru Mehriban Vəliyeva yekun çıxışında söylədi:
- Əziz Azərbaycan övladları! Ey Azərbaycanın parlaq gələcəyinin carçıları! Belə bir deyimə çevrilmiş misra var:” Yüksələn bir bayraq bir daha enməz...” Bu gün mənim də mavi göylərin üçrəngli bəzəyinə demək istədiklərim var. Ey şəhidimizin əbədiyyətə yola salınarkən büründüyü son örtüyü olan müqəddəs bayrağım... Dalğalandığın müddətcə qəlbimizdə nə qorxu, nə kədər qalar. Qaranlıqla bizi heç kim qorxuda bilməz. Sənin qəlbində yerləşən o ayın və 8 guşəli ulduzun parıltısı bizim qaranlığımızı bir anda öz nuruna boyayar. Getdiyimiz hər yerdə, qazandığımız hər uğurda səni yüksəklərdə dalğalandıraraq fəxr edərik. Biz uğurumuzu səninlə bölüşərik. O gün olsun ki, ey ulduzlar və hilal qədər yüksəklərdə dalğalanmağa layiq bayrağım, Sən Vətənimizin yaralı qəlbində ucalasan və Dədə Qorqud dastanımızda deyildiyi kimi, ana südü və dağ çiçəyi kimi Vətənimizin yarasına şəfa olasan və sənin əbədi varlığın uğrunda şəhidlik məqamına ucalan şəhidimizdən başqa heç vaxt heç kimin qarşısında əyilməyəsən. Amin!
Tədbir ruh yüksəkliyi ilə yekunlaşdı və hər bir şagirdin qəlbində Azadlıq rəmzi olan bayrağa olan sevgi alovu yüksəldi...