Vəfa borcu ancaq belə ölümsüzləşərdi

25 Yanvar 2017

 

Şagirdlərin müəllimlərinə vəfa borcu ancaq belə ölümsüzləşərdi...

2009-cu il... Akademik Zərifə Əliyeva adına liseydə ilk “Son zəng”... Yeni həyata atılacaq şagirdlərimizin yaşadıqları ilk ayrılıq, onlara doğma olan insanları  itirmək qorxusu ... Sevimli şagirdlərinə bir ana şəfqətilə yanaşan liseyin direktoru Məhəbbət xanım Vəliyeva (2008-2014-cü illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru, Əməkdar müəllim,hal-hazırda Bakı Baş Təhsil İdarəsinin rəhbəri) sevimli məzunlarının ildə bir dəfə də olsa, sevimli müəllimləri,eyni zamanda birlikdə oxuduqları məktəb yoldaşları ilə görüşmələri üçün bir gün təsis edilməsinə qərar verir. Azərbaycan məktəblərində bir ilk olan bu gün “Məzun günü” adlandırılır.

Mən bir müəlliməm...

Məktəblərin birində

Duymağı, düşünməyi öyrədən bir müəllim...

Gətirin, gətirin...

Şagirdlərimi gətirin buraya...

Bu gün mən son bir dərs verəcəyəm ...

Bir olmağın, sevgi dolu və vəfalı olmağın

Nə qədər önəmli olduğunu xatırladacağam onlara...

2009-cu ildə əsası qoyulan bu ənənə  bu gün də davam etdirilir.  2017-ci il... Akademik Zərifə Əliyeva adına lisey... Yenə “Məzun günü”... Müəllim ömrünə imza atmış və dünyanın dörd bir yanına yayılmış ( 2009-2016-cı il məzunları) sevimli şagirdlərlə yenə  doğma məkanda  görüş...

Tədbiri giriş sözü ilə liseyin direktoru, Əməkdar müəllim Mehriban xanım Vəliyeva açıq elan etdikdən sonra müəllimləri ilə görüşən məzunların sevinc dolu göz yaşları ən təsirli səhnələrdən, 9 ilin məzunlarının rəsmlərindən ibarət olan lövhə isə onlar üçün ən dəyərli hədiyyələrdən biri oldu.

Bu görüş  bir daha sübut etdi ki, müəllim insan qəlbinə toxunan, onu fəth edən və orada əbədi məskən salan, doğruluğun, xeyirxahlığın və güvənli gələcəyin təminatçısı olan qəlb sahibidir. Müəllim gələcəyin qurucusudur. Müəllim insanın yolunu aydınladan və isidən günəşdir. Müəllim insanın oxuduğu ən gözəl kitabdır. O, haqqı ödənməz olandır.

Bu əziz gündə Akademik Zərifə Əliyeva adına liseyi, sevimli həmkarlarını və məzunları tək buraxmayan  Bakı Baş Təhsil İdarəsinin rəhbəri, liseyin qurucusu Məhəbbət xanım Vəliyevaya, bir vaxtlar liseydə dərs demiş Rəna xanım, Samirə xanım, Kəmalə xanım, Tofiq müəllim, Fərhad müəllim və Mehriban xanıma, bu günün əsas qəhrəmanları olan məzunlarımıza - bir sözlə,  bu günün təşkilində əməyi keçən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk. Nə yaxşı ki varsınız! Nə yaxşı ki bizimləsiniz!