Tətbiqi İqtisadiyyat Olimpiadası

22 Noyabr 2013

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə JAA təşkilatı tərəfindən Bakı məktəbliləri arasında "Marketingin və menecmentin modelləşdirilməsi" Tətbiqi İqtisadiyyat Olimpiadasının yarımfinal mərhələsi keçirildi. Olimpiadanın məqsədi şagirdlərin iqtisadiyyat dərslərində qazandıqları bilik və bacarıqlarının əyani olaraq biznesin təşkilində tətbiqetmə bacarıqlarını üzə çıxarmaqdır.Yarış eyni şərtlərlə mübarizəyə başlayan komandaların maksimum mənfəət və bazar payı uğrunda mübarizəsindən ibarətdir. Onlar hər komandada üç şagird olmaqla biznes qurur, bir sahibkar olaraq qərarlar verir və bu qərarların nəticəsində virtual olsa da, mənfəət əldə edir. Altı tur davam edən bu rəqabət şəraitində komandalar qiymət, istehsal miqdarı, marketinq, investisiya və elmi-tədqiqat xərcləri olmaqla  5 qərar qəbul edir, rəqib komandaların strategiyalarını üstələməyə çalışırlar. Belə gərgin rəqabət şəraitində Akademik Zərifə Əliyeva adına liseyin komandası müvəffəqiyyətlə çıxış edərək "Tətbiqi İqtisadiyyat Olimpiadasının" final mərhələsinə vəsiqə qazandı. Final yarışı 29 noyabr tarixində Respublika məktəbliləri arasında keçiriləcək. Olimpiadada 5 Bakı məktəblərinin komandaları ilə yanaşı, regionları da təmsil edən 3 komanda iştirak edəcək. Gəlin, məktəbimizi yarımfinal yarışında bele layiqli təmsil etmiş 9R2 sinfinin şagirdləri Həsənov Vüqar,  Məmmədli İsmayıl,  Mərdanov Cavidi təbrik edək və onlara Olimpiadanın final mərhələsində uğurlar diləyək!