Akademik Zərifə Əliyeva adına liseydə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun anadan olmasının 105-ci ildönümünə həsr olunmuş xatirə mərasimi keçirilmişdir.
Görüşdə məktəb rəhbərliyi, müəllimlər, müharibə veteranları və şagirdlər iştirak etmişdirlər.
İlk olaraq tədqiqatçı-jurnalist, əməkdar incəsənət xadimi, H. Aslanov haqqında iki film müəllifi, generalın irsinin araşdırmaçısı professor Musa Bağırov generalın keçdiyi şərəfli yol haqqında liseyin şagirdlərinə ətraflı məlumat vermişdir. Daha sonra Böyük Vətən müharibəsi zamanı hərbi pilot olmuş Damət Nəbiyev və Stalinqrad uğrunda gedən döyüşlərin canlı şahidi olan B. Məmmədov II Dünya müharibəsində keçdikləri çətin, şərəfli ömür yollarından danışmışdılar.
Bu görüşdə şagirdlər Həzi Aslanovun Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunduğu haqda məlumat əldə etmişdilər.
Tədbirin sonunda qeyd olunmuşdur ki, general Həzi Aslanov keçdiyi bu şərəfli döyüş yolu ilə təmsil etdiyi Azərbaycan xalqının nə qədər mərd və mübariz olduğunu sübut etmişdir.
Bu tədbir çərçivəsində şagirdlər liseyin GÇH müəllimi Qılman Eyvazovun rəhbərliyi altında Şəhidlər xiyabanını ziyarət etmiş, "Hərb tarixi " muzeyinə gedən X sinif şagirdləri generalın şəxsi əşyaları və 17 nömrəli T-34 tankı və digər eksponantlarla tanış olmuşdurlar.