Şagirdlərimiz ekskursiyada

15 Noyabr 2019

Akademik Zərifə Əliyeva adına liseyin 10-a2 və 10-a3 siniflərinin şagirdləri, valideyn və bir qrup müəllim Lənkəran rayonuna ekskursiya ediblər.

Ekskursiyanın təşkil olunması məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, müvafiq bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaq məqsədlərinə xidmət edir.

Lənkəran rayonuna təşkil olunmuş səfər ölkəmizin bölgələrinin məktəblilər tərəfindən daha yaxşı tanınması, o cümlədən onların Azərbaycanın zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyətə malikdir.

Ekskursiya çərçivəsində məktəblilər “Mandarin Sitrus bağları”na da olublar. Burada şagirdlərə əyani şəkildə ağaclara qulluq və digər aqrotexniki qaydalar barədə ətraflı məlumat verilib. Mandarin bağlarına edilən bu ekskursiya şagirdlər tərəfindən maraqla qarşılanıb.

Şagirdlər və valideynlər səfərin təşkil olunmasına xüsusi dəstək verən 10-a2-nin sinif rəhbəri Dursun Yaqubovaya, 10-a3-ün sinif rəhbəri Hüseyn Hüseynova, müəllimlər İradə Hacızadəyə, Günel Bağırovaya, Aynur Laçınovaya və Gülnar Həşimovaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, şagirdlərin bölgələrə ekskursiyalarının təşkil olunması onlara ölkəmizin tarixini dərindən öyrənmək, həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlər və Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf barədə tanış olmaq imkanı yaradır.

Liseyin direktoru Mehriban Vəliyevanın verdiyi məlumata əsasən, müəllim və valideynlərin birgə təşəbbüsü ilə vaxtaşırı olaraq, şagird, müəllim və valideynlərin müxtəlif bölgələrə səfərləri təşkil olunur. Bütün bunlar müəllim-şagird-valideyn münasibətlərinin inkişafı və uşaqların tədrisə motivasiyası baxımından müsbət nəticələr verir.

https://www.muallim.edu.az/news.php?id=8385