“Gələcəyə baxış” Avrasiya Patent Universiadası (bilik yarışması) keçirilib.
Əqli Mülkiyyət Agentliyindən məlumatına görə, Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilən yarışmada APT-nın üzv-dövlətlərinin iki yaş kateqoriyası üzrə orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri və 25 yaşadək digər maraqlanan şəxslər iştirak edib.
Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri bilik yarışmasına qatılıblar. Azərbaycanın ali və ümumi təhsil müəssisələrini təmsil edən 30-dan çox müəllifin layihələri Universiadanın Təşkilat Komitəsinə göndərilib.
Bilik yarışmasının nəticələrinə əsasən, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev qalib elan edilib. Onların birgə hazırladıqları “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən ən yüksək yerə layiq görülüb.
Universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.