Mən, Aydan Qədirzadə, akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdiyəm. “Airflec” startapının təsisçisiyəm. Gözümü açandan ailəmdə atamın, qardaşımın texnika və ixtiralarla maraqlandıqlarının, məşğul olduqlarının şahidi olmuşam. Bu da məndə bu sahəyə maraq oyanmasına səbəb olub. Bu işlərə başlamağım, yəqin ki, özümü təsdiqetmə istəyimlə bağlı olub. Yəni istəmişəm ki, ətrafdakılara – elə ilk növbədə ailəmə sübut edim ki, qız olmağıma baxmayaraq, mən də hansısa işin, çətinliyin, problemin öhdəsindən gələ bilərəm.
Fikrimdə bir neçə ideya var idi. “Airflec”-in üstündə durdum. Bu ideyanın ərsəyə gəlməsində ən yaxın köməkçilərim atam və qardaşım olub. Bundan başqa məktəbdə keçdiyim fizika dərslərində öyrəndiklərim, internetdən aerodinamika, elektromobillər, spoylerə aid əldə etdiyim məlumatlar bu ideyanı layihə şəklində gerçəkləşdirməyimə səbəb oldu.
Nailiyyətlərim: 2019-cu il fevral ayında keçirilən “Sabahın Alimləri” VIII Respublika müsabiqəsində mühəndislik nominasiyası üzrə III yerə layiq görüldüm. Bu müsabiqədə layihəm beynəlxalq şirkət RICOH tərəfindən bəyənilib və texniki-innovasiya sertifikatı ilə təltif olunmuşam. 2019-cu il iyun ayında Azərbaycanda ilk dəfə keçirilən İnnovasiyalar Festivalı çərçivəsində TechFest müsabiqəsində 1-ci yerə layiq görülmüşəm və ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberq tərəfindən 1000 manat pul məbləği ilə mükafatlandırılmışam.
2019-cu il iyulda keçirilən “ClimateLaunchpad” müsabiqəsinin Azərbaycan finalında 1-ci yeri tutmuşam və layihəm auditoriyanın sevimli startapı seçilib. 2019-cu il 14-15 noyabr tarixlərində Niderlandın Amsterdam şəhərində “ClimateLaunchpad” müsabiqəsinin qlobal finalında iştirak etdim. Bu yarışda ilk dəfə olaraq Azərbaycanı bir məktəbli təmsil edirdi. Tədbirdən böyük təəssüratla ölkəmə qayıtmışam. Orada aldığım təcrübənin gələcək fəaliyyətimdə, təhsilimdə böyük əhəmiyyəti olacağına əminəm. Bundan başqa tədbirdə digər ölkələrdən olan startapçılarla yaxın təmasda oldum. Onların gördükləri işlər və hazırladıqları layihələr ilə yaxından tanış oldum. Mənim startapım istər iştirakçıların, istərsə də xarici təşkilatların nümayəndələrinin böyük marağına səbəb oldu. Bu beynəlxalq tədbirdə bir çox məşhur media nümayəndələri iştirak edirdilər. “EU4Enerji” qurumunun nümayəndəsi Anna İovchu və eləcə də jurnalist Tom O’Connell mənim layihəmlə xüsusilə maraqlandılar və onlar məndən müsahibə alaraq layihəm ilə yaxından tanış oldular.
Qarşıda məni daha bir yarış gözləyir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən Respublika İnnovasiya Müsabiqəsində 200-dən çox layihə içərisindən seçilən ən yaxşı 18 layihə siyahısında mənim də layihəm var. Bu müsabiqənin yekun turu dekabr ayında keçiriləcək.
Mən həm də liseyimizin Kiçik Akademiyasında fəaliyyət göstərirəm. Liseyimizin başda direktorumuz Mehriban xanım olmaqla, bütün müəllim kollektivi bizim – şagirdlərin dünyagörüşünün artırılması üçün böyük səy göstərir. Liseydə keçirilən müxtəlif yarışlardan əlavə şagirdlərin müxtəlif beynəlxalq müsabiqələrdə iştirakı üçün bütün şərait yaradılır. Biz, yəni şagirdlər də öz növbəmizdə çalışırıq ki, bu yarışlarda uğur əldə edək, bizə göstərilən etimadı doğruldaq.