Respublikanın orta və ali təhsil müəssisələrində yeni tədris ili başladı.
İlk tədris günü bir çox yenilikləri ilə işə başlayan Akademik Zərifə Əliyeva adına liseydə bilik gününə həsr olunan tədbir olub. Tədbir öncə Azərbaycan Respublikasının Himni sədaları altında 3 rəngli bayrağımızın ucaldılması ilə başlayıb.
Liseyin direktoru Məhəbbət Vəliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, liseydə 655 şagird təhsil almalıydı. Lakin bu il Azərbaycan Beynəlxalq Türk Komplekslərinin bağlanmasına görə, oranın şagirdləri də bura əlavə olunub. Yəni eksperiment pilot siniflərin sayı artaraq 77 olub. Bununla da, ümumilikdə liseydə 1500 şagird təhsil alacaq.
“Liseyin 6 binası var. Hər bir bina da təhsil üçün lazım olan bütün vəsaitlərlə təmin olunub. Şagirdlərin keyfiyyətli təhsil almaları üçün müasir kompüter və elektron avadanlıqlər var. Liseyin keyfiyyətli təhsil verməsinin sübutu kimi deyə bilərəm ki, ötən il 188 məzunumuzdən 56 nəfəri 600-dən çox bal toplayıb. Ötən illərdən fərqli olaraq liseydə 8-ci siniflər də açılıb. Həmçinin, liseyimizdə yeni işə başlayan 3 gənc müəllim də var”, - deyə Məhəbbət Vəliyeva bildirib.
Qeyd edək ki, məktəbə daxil olan gənc müəllimlər müəssisədə keçirilən Bilik günündə təntənəli şəkildə müəllim andı içiblər. Liseyə “Azərbayca dili və ədəbiyyat” müəllimi Günel Bağırova, “Riyaziyyat” müəllimi Aynur Laçınova və “İnformatika” müəllimi Gülnar İbadlı yeni peşələrinə başlayacaqlar. Onlar Azərbaycan Respublikasının Konstitutsiyasına əl qoyaraq, öz peşə fəaliyyətlərində vicdanla və şərəflə xidmət göstərəcəklərini bildiriblər.
Bilik gününə həsr olunan tədbirdən sonra bütün məktəblərdə olduğu kimi liseydə də ilk dərs günü vətənpərvərliyə həsr olunub.
Qeyd edək ki, bu gün 139 min uşaq birinci sinifə qədəm qoyacaq. Təhsil Nazirliyi bu dərs ilinə xüsusilə hazırlaşıb. Bu il 122 məktəb yenidən inşa olunub, 56 məktəb isə əsaslı, 65 məktəb isə cari təmir olunub. Bu il 1692 müəllim yeni işə qəbul olunub. 1405 müəllim isə müəllim andı içib.
Bu dərs ili üçün 271 adda, 7 milyon 800 ədəd kitab çap olunub. Son illər təhsil sahəsinə xüsusilə diqqət yetirilir. Şagirdlərlə yanaşı müəllimlərin də bilikləri imtahana çəkilir.
Mənbə: www.anspress.com