Ana dili hər bir xalqın mənəvi diriliyidir. 1999-cu ildə UNESCO hər bir xalqın dil və mədəniyyət rəngarəngliyini qorumaq üçün 21 fevral tarixini Beynəlxalq Ana Dili Günü kimi təsis etdi. Ulu öndərimiz Heydər Əliyev deyirdi:
- Hər bir xalq öz dili ilə yaranır, ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Ana dilim! Dost dilim, müəllim dilim, torpağımın kədərini bayatılarda, ağılarda duyduran dilim. Əsrin təlatümlərinə sinə gərən , qarşısına çıxan maneləri dəf edərək zirvəyə yüksələn, ağır sınaqların qalibi olan dilim...
Dədə Qorqudumun alqış dili, babaların müdrik dili, ağbirçək nənələrin nağıl dili , Nəsiminin üsyan dili, Xətayinin taxtında fərman olub zirvələrə yüksələn, qılınc kimi kəsərli dilim.
Aldığımız ilk nəfəsdən yaranan dilim, 37-ci ilin repressiya adlı qatilinin qurbanı olan Cavidləri, Cavadları, Müşfiqləri misralarında yaşadan dilim, Almas İldırımlarla dünyanı dolaşan mühacir dilim, didərgin dilim...
O taydan bu taya səslənən Şəhriyarın ümid dili, daşın ,torpağın qan yaddaşı olan dilim.Xocalımın üsyan , Qarabağımın həsrət dili. Bizə əmanət , övladlarımıza miras olacaq dilimiz.
Akademik Zərifə Əliyeva adına liseydə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbiri liseyin direktoru, filologiya üzrə fəlsəfə elmləri doktoru Mehriban Vəliyeva açıq elan etdi. Mehriban Vəliyeva öz çıxışında Ana dilinin vacibliyini vurğulayaraq dedi: “Öz dilini bilmək, sevmək, qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur”. Daha sonra “1109 nömrəli məhkum“ adlı tamaşa təqdim olundu. Tamaşa həm Beynəlxalq Ana Dili Gününə, həm də Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuşdu. Tamaşanın ssenari müəllifləri Azərbaycan Respublikasının Əməkdar aktyoru Bəhruz Vaqifoğlu və Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günel idi.
Tamaşada liseyin 10-cu sinif şagirdləri iştirak edirdilər.
10A1 sinif şagirdlərindən:
Ələsgərov Ömər – Mikayıl Müşfiq
Həziyev Teymur – Əhməd Cavad
Əhmədzadə Aslan – Rəsul Rza
Ağalarlı Elturan – tarzən
Əlizadə Elvin –qara qüvvə
Mehdixanlı Emil – qara qüvvə
Kərimov Fariz – qara qüvvə
10 A4 sinif şagirdlərindən :
Mirzəyeva Şəbnəm – Dilbər
Eynullayeva Zəhra – Ayna Sultanova
Rzayev Murad – Hüseyn Cavid
Ana dili ! Övladların cəmi 20 dəqiqə sürən amansız hökmlərlə, yad dilində olan fərmanlarla qətl edildilər, amma sən onları yaşatdın. Bu gün biz Onları tanıdığımız üçün tək sənə-Ana dilimizə borcluyuq. Bu fikri özündə ehtiva edən, Ana dilimizə və unudulmaz şairimizə həsr olunan tamaşa izləyicilərin yaddaşında silinməz izlər buraxdı. Tamaşanın ərsəyə gəlməsində rolu olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.