7-11-ci siniflər üçün elektron formativ qiymətləndirmə sistemi
Məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.
Müasir təlimdə məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən 3 qiymətləndirmə növü mövcuddur.
-Diaqnostik qiymətləndirmə
-Formativ qiymətləndirmə
-Summativ qiymətləndirmə
Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir.Formativ qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır və şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
Formativ qiymətləndirmə iki sxem üzrə həyata keçirilir:Holistik qiymətləndirmə sxemi sürətli qiymətləndirmədir, təlim prosesində məqsədlərə görə müəyyən olunmuş bacarıqların ayrı-ayrılıqda qiymətləndirilməsi yolu ilə şagirdin inkişaf səviyyəsinin qısa müddətdə ümumi şəkildə dəyərləndirilməsidir. Analitik qiymətləndirmə sxemi şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir.
Biz bilirik ki,birçox fərqli metodlarla formativ qiymətləndirmənin tətbiq olunduğu ümumtəhsil müəssisələri mövcuddur.Bizim bu layihədə formativ qiymətləndirmənin sadə üsulla və bütün fənlərin məzmun standartlarının nə qədər mənimsənilməsini öyrənmək daha rahatdır.Bunun üçün bütün şagirdlərin tədris prosesində qiymətləndirilməsi lazımdır və bunun nəticəsində statistik olaraq bütün məlumatlar əldə etmək mümkündür.
Tədqiqatlar göstərir ki, müəllimlərin böyük əksəriyyəti formativ qiymətləndirmə üçün qeydiyyat aparmaqdan boyun qaçırmır, əksinə şagirdlərinin təlim nailiyyətlərinin artırılması, onlarla məqsədyönlü işin aparılması üçün bu qiymətləndirmənin vacibliyini başa düşürlər. Ancaq mövcud vəziyyətdə qiymətləndirmənin aparılması üçün müəllimlər fənlər üzrə uyğun qiymətləndirmə meyarları hazırlamalı, qiymətləndirmə nəticələrini kağız üzərində qeyd etməli və bu qeydlərin təhlili üçün xeyli zaman ayırmalıdır.Bu layihə vasitəsi ilə formativ qiymətləndirmə üçün ayrılan zamanı minimuma endirmək mümkündür.