Liseyimizin müəlimləri “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimdə uğurla iştirak ediblər

16 May 2019

 

“STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stav, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları və digər şəxslər iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək son illər ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və uğurlu layihələr barədə məlumat verib. Nazir müavini  elm, təhsil və sənaye müəssisələrində innovativ inkişafın təmin edilməsi üçün konkret layihələrin icra olunduğunu xatırladıb və əlavə edib ki, təhsilin qarşısında dayanan vəzifə innovasiya fəaliyyətinin gücləndirilməsidir. 

Daha sonra çıxış edən İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanla İsrail arasında mövcud əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb. Səfir bütün sahələrdə, o cümlədən təhsil müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri  Emin Əmrullayev öz növbəsində bildirib ki, nazirliyin təşəbbüsü ilə 3-31 mart və 13-18 may tarixlərində 50 təhsil mütəxəssisi (müəllim və digər təhsil müəssisəsində işləyən mütəxəssislər) İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar təşkil olunub. Emin Əmrullayev qeyd edib ki, cari ilin yanvar ayında STEM təhsil proqramı çərçivəsində 10 məktəb direktoru İsrailə 1 həftəlik səfər edib.

İsrailin “ORT” məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild STEM təhsil metodu barəsində məlumat verərək deyib ki, bu metod təhsilalanlara dörd spesifik sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.  STEM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarət olaraq dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Təltif olunanlar arasında liseyimizin 3 müəllimi olmuşdur: Ədilova Aynur, Laçınova Aynur və Rəsullu Kəmalə. Müəllimlərimizi təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik!

Mənbə: edu.gov.az